Xəbərlər

Kobaxidze prezident Salome Zurabişvilini ittiham edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini ölkədə nümayişlərə səbəb olan “Xarici təsirin şəffaflığı” qanununa veto qoyaraq bütün müzakirə yollarını bağlamaqda ittiham edib.

“Füyuzat”ın məlumatına görə, Kobaxidze paytaxt Tbilisidə Nazirlər Şurasının iclasının açılışındakı çıxışında ölkədə baş verən prosesləri dəyərləndirib.

Zurabişvilinin qanuna veto hüququndan istifadə etdiyini və beynəlxalq tərəfdaşlarla müzakirə və danışıqlar üçün bütün yolları bağladığını bildirən Kobaxidze deyib:

“Beynəlxalq tərəfdaşlarımıza təklifimiz fikirlərimizi uzlaşdırmaq üçün müzakirə etmək idi, lakin Salome Zurabişvili sağlam müzakirə üçün bütün yerləri bağlayaraq qanuna sərt veto qoydu”.

Qanunun Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına və konstitusiyaya zidd olduğunu əsas gətirən Zurabişvili qeyd edib:

“Bu gün konstitusiyamıza və Avropa standartlarına zidd olan və buna görə də bizim Avropaya gedən yolumuzu kəsən qanuna veto qoydum. Veto tamamilə qanunidir və bu gün parlamentə təqdim olunacaq”.

Qeyd edək ki, veto qoyulan qanun parlamentdə yenidən müzakirəyə çıxarılacaq.