Xəbərlər

Qalib xalqın qürur günü…

5 noyabr 2026-cı il tarixində Masallı Dövlət Regional Kolleci və Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin tərəfdaşlığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Qalib xalqın qürur günü” adlı tədbir keçirildi.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs etdi. O, bu Zəfərin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, qəhrəmanlıq ruhunun və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsi olduğunu vurğuladı. Həmçinin şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edilməsinin, qazilərimizin qəhrəmanlığının unudulmamasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etdi.

Daha sonra Masallı rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələləri sektorunun Baş məsləhətçisi Nuranə Muradova, aprel döyüşlərinin şəhidi Nurlan Əsgərlini və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev, aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə Murovdağdan Şuşaya kimi şanlı döyüş yolu keçmiş,Qarabağ və III dərəcəli Rəşadət Ordeni ilə təltif olunmuş ehtiyatda olan qazı komandir Nazim Cəfərzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, ordumuzun döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs etdilər. Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin xalqımızın milli qürurunun və dövlətimizin gücünün təcəssümü olduğu vurğulandı. Həmçinin şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizin fədakarlığının yüksək qiymətləndirilməsi və Zəfər tarixinin gənc nəslə aşılanmasının əhəmiyyəti diqqətə çatdırıldı.

Sonda Masallı Dövlət Regional Kollecin tələbələrinin təqdimatında “Qalib xalqın qürur günü” adlı kompozisiya təqdim olundu.
Əlihüseyn Şükürov