Xəbərlər

ANAMA nümayəndələri MİMTA Fondunun qonağı olublar

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Sərkərova Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun qonağı olublar.

“Füyuzat”ın məlumatına görə, görüşdə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və jurnalın yazarı, “Füyuzat TV”nin aparıcısı Tural İsmayılov iştirak ediblər.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycanın üzləşdiyi mina probleminin yaratdığı humanitar fəsadlar, mina təhlükəsinə qarşı maarifləndirmə işinin əhəmiyyəti və bu istiqamətdə ictimai məlumatlandırmanın gücləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalır. Bu baxımdan, vətəndaşların maarifləndirilməsi, xüsusilə uşaqlar və yeniyetmələr arasında mina təhlükəsinə dair düzgün davranış vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı media və ictimai platformaların mina təhlükəsi ilə mübarizədə rolu, bu sahədə maarifləndirici materialların hazırlanması, müvafiq qurumlarla media strukturları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ictimai məsuliyyətin artırılması, mina qurbanlarının problemlərinin diqqətdə saxlanılması və bu istiqamətdə məlumatlandırma fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.