AMEA Folklor İnstitutunda Folklor nəzəriyyəsi və Türk xalqları folkloru şöbələrinin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri Elmi Şuranın genişləndirilmiş formatda keçirilən hibrid iclasında müzakirə olunub.
“Füyuzat” xəbər verir ki, ilk olaraq Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat şöbənin illik hesabatını təqdim edib. Bildirilib ki, hesabat ilində şöbədə şəhər folkloru, peşə folkloru və peşə lətifələri, türk mifologiyası, dini-mistik inanclar, mərasimlər, paremioloji vahidlər və oğuz dastanlarının poetik xüsusiyyətləri istiqamətində tədqiqatlar aparılıb.
Şöbənin nəşr fəaliyyəti üzrə hesabat dövründə 1 yerli və 3 xarici monoqrafiya, 3 yerli və 14 xarici elmi məqalə nəşr olunub. Həmçinin 3 respublika və 5 beynəlxalq konfrans materialı hazırlanıb.
Professor Füzuli Bayatın üçcildlik “Ansiklopedik Türk Mitoloji Sözlüğü”ndə 155 ensiklopedik məqaləsi yer alıb. Alimin bir sıra elmi məqalələri Web of Science, Scopus, ERIH PLUS, TR Dizin və digər beynəlxalq elmi bazalarda indekslənən jurnallarda dərc olunub. Folklor İnstitutunun tarixində ilk dəfə olaraq professor Füzuli Bayatın həmmüəllifi olduğu elmi məqalə Scopus bazasında indekslənən Q1 kvartilli jurnalda nəşr olunub.
Şöbənin digər əməkdaşları, o cümlədən Tahir Orucov və Çiçək Əfəndiyeva da elmi tədqiqatlarını davam etdirərək məqalə və konfrans materialları ilə çıxış ediblər. Hesabatda üç tədqiqat işi üzrə planlaşdırılmış mərhələlərin tamamlandığı, digər əməkdaşların isə folklor materiallarının transkripsiyası və yazılı formaya salınmasında iştirak etdiyi bildirilib.
Daha sonra Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər 2026-cı il üzrə hesabatı təqdim edib. Qeyd olunub ki, şöbədə il ərzində 8 elmi-tədqiqat planı üzrə araşdırmalar aparılıb. Tədqiqatlar “Ötükən” mifi, “Kambar Batır”, “Musaxan”, “Orak və Mamay” dastanları, “Qırx batır” epik silsiləsi, türk xalqlarının epik təhkiyə ənənələri və ortaq komik personajları, Şəki folklor mühiti, Axısqa türklərinin folkloru, eləcə də Əhməd Cəfəroğlunun elminin irsinin öyrənilməsi kimi mövzuları əhatə edib.
Şöbənin elmi nəşr fəaliyyəti üzrə 35 məqalə təqdim olunub, onlardan 21-i çap edilib. Nəşr olunan məqalələrin 8-i xarici, 13-ü respublika elmi jurnallarının payına düşüb. Məqalələrdə türk xalqlarının dastan yaradıcılığı, folklor janrları, mifoloji motivlər, bayatı və xoyrat ənənələri, komik personajlar və Azərbaycan mühacirət folklorşünaslığı araşdırılıb. Bir sıra elmi əsərlər Scopus və Web of Science bazalarında indekslənən jurnallara təqdim edilib.
Hesabat dövründə beynəlxalq elmi konfranslarda 24 məruzə ilə çıxış edilib, 7 respublika konfransında iştirak olunub.
Professor Almaz Həsənqızının 484 səhifəlik “Əhməd Cəfəroğlunun folklor araşdırmaları” monoqrafiyası nəşr edilib. Ləman Vaqifqızının toplayıb tərtib etdiyi “Usta söyləyicilərin repertuarı” kitabının IV cildi isə nəşrə hazırlanıb.
Şöbənin fəaliyyətində folklor materiallarının toplanması və bölgə folklor mühitlərinin öyrənilməsi də mühüm yer tutub. Bu məqsədlə il ərzində Gəncə, Naxçıvan, Şəki, Goranboy və digər bölgələrə 11 respublikadaxili folklor toplama səfəri həyata keçirilib, Qazaxıstana bir xarici elmi ezamiyyət təşkil olunub.
Bununla yanaşı, əməkdaşlar beynəlxalq elmi əməkdaşlıq, elmi nəşrlərin redaktəsi, rəyçilik, elmi tədbirlərin təşkili və folklor irsinin təbliği istiqamətində fəaliyyət göstəriblər. Hesabatda 5 mövzu üzrə Vikipediya fəaliyyəti də əksini tapıb.
Hər iki şöbənin 2026-cı il üzrə illik hesabatları Elmi Şurada müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.










