Böyük Britaniyanın Azərbaycandakı səfirliyi dəmir yolu nəqliyyatı üzrə ixtisaslaşan nümayəndə heyəti üçün Naxçıvana tanışlıq səfəri təşkil edir.
“Füyuzat” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
Diplomat qeyd edib ki, Naxçıvan Orta Dəhlizin logistika mərkəzinə çevrilmək üçün mühüm potensiala malikdir.
Səfirin sözlərinə görə, o, iki həftə əvvəl Naxçıvana səfəri zamanı Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Ceyhun Cəlilov və Muxtar Respublikanın Baş naziri Cabbar Musayevlə görüşlər keçirib. Tərəflər praktiki əməkdaşlığın dörd əsas istiqamətini müzakirə ediblər: logistika, energetika, turizm və kənd təsərrüfatı.
“Britaniya şirkətləri dəmir yolu infrastrukturunun modernləşdirilməsi, layihələrin idarə edilməsi və siqnalizasiya sistemləri sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Mənim komandam bu istiqamətdə işi davam etdirmək üçün dəmir yolu nəqliyyatı sahəsində Britaniya nümayəndə heyətinin tanışlıq səfərini təşkil edir. Britaniyalı mütəxəssislər artıq Naxçıvanın gələcəyinin formalaşmasında iştirak edirlər. Qarabağda da fəaliyyət göstərən “Chapman Taylor” şirkəti Naxçıvan şəhərinin inkişafına dair 20 illik baş plan hazırlayır”, – o bildirib.
Səfir əlavə edib ki, region həmçinin əhəmiyyətli turizm potensialına malikdir.
“Azərbaycanın turizm potensialını təşviq etmək üçün əlimdən gələni edirəm”, – o əlavə edib.



