Macarıstan hökuməti alyansın Ukraynada mümkün hərbi missiyasında iştirak etmək istəmədiyi üçün ölkəsinin NATO-dakı rolunu yenidən qiymətləndirir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında danışıb.
O bildirib ki, Macarıstan NATO-nun blok ölkələrini birbaşa Ukrayna münaqişəsinə cəlb edə və Rusiya ilə toqquşmaya səbəb ola biləcək hərəkətlərdə iştirak etmək niyyətində deyil. Onun sözlərinə görə, Brüsseldə hərbi planlaşdırma aparılır, işçi qruplar NATO-nun bu müharibədə necə iştirak edə biləcəyi üzərində işləyir.
“Macarıstan buna qarşıdır. Müharibədə iştirak etmədən NATO üzvü olaraq necə qala biləcəyimizi müəyyən etmək üçün hökumətdə kifayət qədər iş aparılır”, – Orban deyib. O əlavə edib ki, Brüssel bundan xəbərdardır və hətta Macarıstan üçün yeni bir termin də irəli sürüb: bitərəf.