Xəbərlər

Kobaxidze Almaniyada Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Berlində keçiriləcək Ukraynanın bərpasına həsr olunmuş konfransda iştirak edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstanın baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə 11-12 iyunda Berlində keçiriləcək Ukraynanın Bərpası üzrə Konfransda (UCR2024) iştirak edəcək. Tədbirin əsas məqsədi beynəlxalq dəstəyi səfərbər etməkdir”, – məlumatda bildirilib.

Mətbuat xidməti əlavə edib ki, konfrans dörd tematik istiqamətdə işləyəcək: bərpa və iqtisadi artım üçün özəl sektorun səfərbər edilməsi, Ukraynanın gələcəyi üçün sosial bərpa və insan kapitalı, bələdiyyələrin və regionların bərpası, Avropa İttifaqına üzvlük və bununla bağlı islahatlar.

Konfrans iştirakçıları həmçinin Ukraynanın makroiqtisadi sabitliyi, davamlılıq və təhlükəsizlik, infrastruktur, mənzil, enerji, ətraf mühit, səhiyyə, təhsil və s. kimi məsələləri də nəzərdən keçirəcəklər.

Kobaxidzeni səfərdə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.