Finlandiyalı bir müəllim “mənə ibtidai sinifləri verin, sizə ideal bir millət verim” deyir.
Yazımı belə bir sitatla başlamağım, təbii ki, təsadüfü deyil. Nəinki mövzumuzun əsasını təşkil edən müəllim hazırlığında, ümumiyyətlə, qabaqcıl təhsil sistemləri arasında Finlandiya modeli dünya ölkələri arasında öyrənilməli olan təcrübələr baxımından çox önəmlidir. Tarixə nəzər saldıqda görürük ki, Finlandiya iqtisadi böhranla mübarizə apardığı vaxtlarda belə təhsilə ayırdığı büdcəsində heç bir azaltmaya getməyib. Bu da təhsilə olan xüsusi baxışın ifadəsidir.
Müəllimlik peşəsi finlandiyalılar arasında ən çox seçilən və sevilən peşələrdən biridir. Finlandiyada müəllim olmaq üçün müxtəlif mərhələlərdən ibarət çox çətin bir prosesdən keçmək tələb olunur. Bu baxımdan ölkədə yalnız ən yaxşı olanlar bu mərhələləri keçə bilirlər. Hər il minlərlə orta məktəb məzunu ali məktəblərə sənəd verir ki, onlardan da müəllim olmaq istəyən namizədlərin yalnız 7%-i bu şansı əldə edə bilir. Pedoqoji ixtisasların müəyyən limitdə tələbə qəbulu müəllim hazırlığı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Müəllimlik ixtisaslarına qəbul zamanı ali təhsil müəssisələrinin özünəməxsus üsul və metodlardan istifadə etmələri Finlandiya təhsil sistemində bu peşəyə necə həssas yanaşıldığını göstərir.
Finlandiyada universitetlərə qəbul zamanı ümummilli qiymətləndirmə olan ylioppilastutkinto / matriculation adlı bir imtahan formasından istifadə olunur. Bu prosesin ardından kifayət qədər yüksək nəticə göstərən namizədlər universitetlərin öz imtahanlarında iştirak edirlər. Ölkədə orta məktəb nəticələri də universitetlərə qəbul zamanı rol oynayır.
Finlandiyada müəllimlik ixtisasına qəbul olmaq istəyən namizədlər yuxarıda qeyd olunan ümummilli qiymətləndirmə ilə yanaşı üç mərhələdən ibarət prosesdən də keçməlidirlər. Hansı ki bu mərhələlərdən birincisi informasiyanın tədqiqi, tənqidi düşünmə qabiliyyəti, sintez və təhlil etmə qabiliyyətlərinin yoxlanılmasıdır. İkinci mərhələdə namizədlərlə müsahibə təşkil olunur, onların şəxsi xüsusiyyətləri və peşəyə uyğunluğuna baxılır. Sonuncu mərhələ isə praktiki mərhələdir. Bu mərhələdə namizədlər nümunə dərs keçirlər və onların təqdimat, ünsiyyət və idarəetmə bacarıqları qiymətləndirilir.
Finlandiyada müəllimlər hər zaman öz üzərlərində işləməyi zəruri hesab edirlər. Onlar düşünürlər ki, daima yenilikləri izləməli və inkişaf edən dünyaya uyğun tədris metodlarından istifadə etməlidirlər.
Hələ 2000-ci illərdə aparılan araşdırmalarda fin müəllimlər dünyanın ən yaxşı müəllimləri seçilsələr də, bu barədə onların fikirlərini soruşanda deyirdilər ki, “biz kifayət qədər yaxşı deyilik, bu halda ən yaxşı müəllim olsaq da, pis müəllimlər haqqında düşünmək belə istəmirik”.
Finlandiyalı müəllimlərin uğurları onları heç zaman arxayınlaşdırmır. Onlar düşünürlər ki, əsl məqsədləri bu nailiyyətlərindən qat-qat üstündür. Çünki onların əsl qayəsi üstün araşdırma qabiliyyəti olan savadlı nəsil yetişdirməkdir. Məqsədləri bu olanda isə iş və araşdırma əzmlərində zərrə qədər azalma, motivasiya itkisi yaşamırlar.
Finlandiyada müəllimlərin təyinatı zamanı heç bir mərkəzi imtahan həyata keçirilmir. Belə ki, yerli idarəetmə orqanları bu prosesi həyata keçirməkdə sərbəstdirlər. Həmin qurumlar tərəfindən verilən səlahiyyətlər çərçivəsində məktəb rəhbərləri öz müəllimlərini seçmək hüququna malikdirlər. Bu proses zamanı direktorların əməl etməli olduqları xüsusi qaydalar yoxdur. Seçim zamanı nəzərə alınmalı olan əsas özəlliklər arasında müəllim namizədlərin təcrübə dövründə qazanadıqları uğurlar, magistr dərəcələrinin olması və müəllimlik bacarıqlarını ifadə etmələridir.
Finlandiyada müəllimlər həyatları boyunca öz işlərində qalmaq fürsətinə sahibdirlər. Statistik məlumatlara görə, işə qəbul olan müəllimlərin yalnız 15%-ə yaxını zamanla öz peşələrini tərk edirlər.