Xəbərlər

İstanbulda 23 ildən sonra NATO sammiti keçiriləcək

23 illik aradan sonra NATO sammitinin Türkiyədə keçirilməsi qərara alınıb. Sammitin tarixi 2026-ci ilə təyin olunub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə NATO sammitini yalnız bir dəfə, 2004-cü ildə İstanbulda təşkil edib.

26 üzvdən ibarət NATO-nun İstanbul toplantısı 46 ölkənin hökumət və dövlət başçılarının iştirakı ilə keçirilib.

Sammitdə ABŞ Prezidenti Corc Buş, Fransa Prezidenti Jak Şirak, Böyük Britaniyanın Baş naziri Toni Bleyr, Almaniya kansleri Gerhard Şröder və İtaliyanın Baş naziri Silvio Berluskoni də iştirak edib.

Sammit Türkiyə Prezidenti Ahmet Necdet Sezerin çıxışı ilə başlayıb. Həmin vaxt Baş nazir olan Recep Tayyip Erdoğan da iclasda çıxış edib.

Sammitdə NATO üzvləri Əfqanıstan müharibəsində iştirakını genişləndirmək və Bosniyadakı iştirakına son qoymaq qərarına gəliblər. NATO-nun İraq əsgərlərinə təlim vermək qərarı sammitin ən mühüm gündəmlərindən biri olub.