Xəbərlər

“Birləşdik-2024” təliminin açılış mərasimi olub 

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iştirakçı ölkələrin hərbi qulluqçuları, media nümayəndələri və digər qonaqların qatıldığı tədbirdə təlimə cəlb edilən heyətin təmsil olunduğu ölkələrin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının təlimdə iştirak edən hərbi qulluqçularının təntənəli keçidi olub.

Açılış mərasimində çıxış edənlər bu cür təlimlərin keçirilməsinin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlardan sonra iştirakçılar üçün hazırlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Birləşdik-2024” beynəlxalq təlimində ölkəmiz Quru Qoşularının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları, gəmi və aviasiya vasitələri ilə təmsil olunur.