Xəbərlər

ABŞ konqresmenləri Baydeni Pakistanın yeni hökumətini tanımamağa çağırıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında ən azı 33 demokrat qanunverici prezident Co Bayden və dövlət katibi Antoni Blinkeni Pakistan müxalifətinin ümumi seçkilərdə saxtakarlıq iddiaları hərtərəfli araşdırılana qədər Pakistanın yeni hökumətini tanımaqdan çəkinməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, Ağ Evə kollektiv müraciətində konqresmenlər fevralın 8-də Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərdən əvvəl və sonra mümkün saxtakarlıqlardan narahat olduqlarını bildiriblər. Onlar Pakistanın yeni hökumətini tanınmazdan əvvəl şəffaf və etibarlı təhqiqatın aparılmasına çağırıb, seçki günü qanun pozuntuları və uğursuzluqlar barədə dəlillər göstəriblər. Millət vəkilləri Dövlət Departamentindən Pakistanda həbsdə olan siyasi fəallar, eləcə də jurnalistlər haqqında məlumat toplamağı tələb ediblər.

Qanunvericilər səslərin hesablanmasında qanun pozuntuları və uyğunsuzluqların olduğunu göstərən video dəlillərə istinad edərək, Pakistan seçkilərinin səsvermə nəticələrinin təqdim edilməsində gecikmələrə işarə ediblər. Eyni zamanda, onlar Pakistanın yeni hökumətinin tanınmasından əvvəl şəffaf və etibarlı araşdırma prosesinin aparılmasının zəruriliyini bəyan edən müstəqil seçki müşahidəçilərinin fikirlərini nəzərə almağa çağırıblar. Amerika konqresmenlərinin müraciətində deyilir: “Pakistanda demokratiyanı qorumaq və seçkilərin nəticələrinin elitanın və silahlı qüvvələrin deyil, həqiqətən də xalqın maraqlarını əks etdirməsini tələb etmək Birləşmiş Ştatların maraqlarına uyğundur”.

Qeyd edək ki, fevralın 8-də keçirilən ümumi seçkilərin rəsmi nəticələrinə görə, Pakistan Müsəlman Liqası (P) aşağı palatada 75, Pakistan Xalq Partiyası isə 54 deputat mandatı əldə edib.