Xəbərlər

Ali məktəblərə qəbulda böyük axın: Qeydiyyatdan keçənlərin sayı 130000-i ötdü − Ekspert rəyi

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qeydiyyat davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı son rəsmi rəqəmlər müraciət edənlərin sayında ciddi artım olduğunu göstərir.

Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a verdiyi məlumata əsasən, artıq ali məktəblərə sənəd verən abituriyentlərin ümumi sayı 130 000-i keçib. İxtisas qrupları üzrə statistikaya nəzər saldıqda isə ən böyük rəqabətin I qrupda yaşanacağı gözlənilir. Belə ki, bu istiqamət üzrə 23 000-dən çox abituriyent artıq ərizəsini təsdiqləyib.

Digər qruplarda da aktivlik yüksəkdir: II və III ixtisas qruplarının hər biri üzrə 18 000-dən çox, IV qrup üzrə isə 4 000-dən çox namizəd qeydiyyatdan keçib.

Ümumilikdə, I-IV qruplar üzrə imtahan verəcək şəxslərin sayı hazırda 65 500-ü ötüb.

DİM-in müəyyən etdiyi qrafikə əsasən, 24 may tarixində II və III ixtisas qrupları üzrə, 7 iyun tarixində isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək.

Bundan əlavə, iyunun 7-də III ixtisas qrupu üzrə həm DT, həm də TC alt qrupunu seçmiş abituriyentlər üçün Coğrafiya fənnindən əlavə imtahan təşkil ediləcək.

Qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi üçün qeydiyyat prosesi 29 aprel tarixində başa çatacağanı deyən ekspert son günə qədər abituriyent sayının daha da artacağını və rəqabətin kəskinləşəcəyi proqnozlaşdırıldığını bildirib.