Mədinə Məcidli • Xəbərlər

Alma ilə dərdimiz nədir?

Alma dünyanın ən adi meyvələrindən biridir. Tarixə, elmə və incəsənətə nəzər saldıqda görürük ki, bəzən elmi kəşfin başlanğıcı, bəzən nağılların sirli elementi, bəzən də insan düşüncəsini çaşdıran sənət əsərinin əsas qəhrəmanına çevrilib. Maraqlıdır ki, bir çox məşhur hadisələrdə, əfsanələrdə və sənət nümunələrində məhz alma qarşımıza çıxır.

Ağbəniz və yeddi cücə

Hekayənin əsası alman yazıçı və folklor toplayıcıları olan Yakob və Vilhelm Qrimm tərəfindən toplanmış və 1812-ci ildə nəşr edilmiş nağıllar toplusuna gedib çıxır. Nağılın qəhrəmanı gözəlliyi ilə seçilən Ağbənizdir. Ögey anası Ağbənizin ondan daha gözəl olmasını qəbul edə bilmirdi. Ondan xilas olmaq istəyirdi. Əvvəlcə ovçuya onu meşədə öldürməyi əmr edir. Lakin ovçu qıza yazığı gəldiyi üçün onu öldürmür. Ağbəniz meşədə yeddi cırtdanın evinə sığınır. Kraliça onun sağ olduğunu öyrəndikdən sonra müxtəlif yollarla onu öldürməyə çalışır. Əvvəlcə sıx bağlanan korset, sonra zəhərli daraq vasitəsilə ona zərər vermək istəyir. Lakin iki dəfə də cırtdanlar Ağbənizi xilas edirlər. Nəhayət, kraliça ən təhlükəli planı – zahirən olduqca gözəl, qırmızı yanaqlı bir alma hazırlayır. Sonra yaşlı kəndli qadın obrazına girərək Ağbəniz yaşadığı evə gəlir. Qız əvvəlcə yad adamdan heç nə qəbul etmək istəmir. Lakin kraliça almanın bir hissəsini özü yeyərək onun zəhərsiz olduğunu göstərir. Ağbəniz də almanın digər hissəsindən dişləyir və zəhərin təsiri ilə yerə yıxılır.

Qrimm qardaşlarının orijinal nağılında alma iki hissəyə bölünür və zəhər yalnız Ağbənizə verilən qırmızı hissədə olur. Disneyin 1937-ci ildə ekranlaşdırdığı animasiya filmində isə bu hadisə daha fərqli təqdim edilir. Ağbənizin öldüyünü düşünən cırtdanlar onu şüşə tabuta yerləşdirirlər. Daha sonra bir şahzadə onu görür. Tabut daşınarkən baş verən silkələnmə nəticəsində almanın boğazında qalmış parçası çıxır və Ağbəniz ayılır.

Bəs zəhərli alma nəyi ifadə edir?

Nağılda alma zahiri gözəlliklə daxili təhlükə arasındakı ziddiyyəti təmsil edir. O, kənardan cəlbedici və zərərsiz görünür, lakin daxilində ölümcül təhlükə gizlədir. Buna görə də zəhərli alma çox vaxt aldanmağın, yanlış etimadın, qadağan olunmuş istəyin və zahiri görünüşə aldanmağın simvolu kimi şərh edilir.

Nyuton və yerə düşən alma

Alma ilə bağlı ən məşhur hekayələrdən biri ingilis alimi İsaak Nyuton ilə əlaqəlidir. Hamımız məktəb illərindən eşitmişik ki, Nyuton ağacın altında oturarkən başına alma düşür və o, məhz bundan sonra cazibə qüvvəsini kəşf edir. Ancaq hadisənin həqiqəti bir qədər fərqlidir. 1665–1666-cı illərdə İngiltərədə taun xəstəliyi yayılmışdı. Kembric Universiteti müvəqqəti bağlandığı üçün Nyuton doğulduğu Vulstorp Malikanəsi adlı ailə mülkünə qayıtmışdı. Həmin dövrdə o, təbiət hadisələri, hərəkət və fizika haqqında düşünür, elmi araşdırmalar aparırdı.

Rəvayətə görə, bir gün bağda oturarkən ağacdan bir almanın yerə düşdüyünü görür. O düşünür ki, niyə alma həmişə yerə düşür? Niyə yuxarıya və ya yana doğru hərəkət etmir? Görəsən, Yer kürəsi almanı özünə doğru çəkirsə, Ayı da eyni qüvvə saxlayırmı? Almanın Nyutonun başına düşdüyünü təsdiqləyən tarixi sübut yoxdur. Sonradan hekayəyə əlavə edilmiş məşhur detaldır. Almanın ağacdan düşməsi haqqında məlumatı isə Nyutonun dostu Uilyam Styukli 1752-ci ildə nəşr olunan bioqrafiyasında qeyd edib. Styukli bu hadisəni Nyutonun özündən eşitdiyini yazır. 1687-ci ildə Nyuton məşhur “Təbiət fəlsəfəsinin riyazi prinsipləri” əsərini nəşr etdirir. Əsərdə ümumdünya cazibə qanununu və hərəkət qanunlarını sistemli şəkildə izah edir.

Rene Maqrit və insanın üzünü gizlədən alma

1964-cü ildə Maqrit “İnsanın oğlu” adlı məşhur rəsm əsərini çəkir. Əsərdə qara palto, qırmızı qalstuk və klassik şlyapa geyinmiş bir kişi təsvir olunur. Onun arxasında dəniz və buludlu səma görünür. Lakin diqqəti çəkən əsas detal kişinin üzünün qarşısında havada asılı qalmış böyük yaşıl almadır.

İlk baxışda adi görünən bu rəsm əslində insanın görmək istədiyi ilə görə bildiyi arasındakı ziddiyyəti nümayiş etdirir. Maqrit əsər haqqında danışarkən maraqlı bir fikir səsləndirmişdi ki, gördüyümüz hər şey başqa bir şeyi gizlədir. İnsan daim görünən obyektin arxasında nə olduğunu öyrənmək istəyir. Rəssamın fikrincə, alma insanın üzünü qismən gizlədir. Biz kişinin geyimini, duruşunu, ətrafındakı mənzərəni görə bilirik, amma onun üzünü tam görə bilmirik.

Əslində, Maqrit adi əşyaları qeyri-adi vəziyyətlərdə təsvir etməyi sevirdi. Onun əsərlərində göydə uçan daşlar, nəhəng almalar, üzləri örtülmüş insanlar və reallığa zidd mənzərələrə rast gəlmək mümkündür. O, tamaşaçını gördüklərini yenidən düşünməyə məcbur edirdi. Maraqlıdır ki, Maqritin əsərindəki alma üçün hamının qəbul etməli olduğu vahid simvolik məna yoxdur. Onu şəxsiyyətin gizlədilməsi, görünən və görünməyən arasındakı sərhəd və insan marağının ifadəsi kimi şərh etmək mümkündür.

Müəllif: Mədinə Məcidli