Ədəbiyyat Mədinə Məcidli Xəbərlər

Altı sözlə bir həyat

Ernest Heminquey (1899–1961) XX əsrin ən məşhur amerikalı yazıçılarından biridir. O, Nobel mükafatı (1954) və Pulitzer mükafatı (1953) laureatı olub. Hemingway öz yazı üslubu ilə ədəbiyyatda böyük iz qoyub – onun dili çox sadə, qısa və “buzdağının görünən hissəsi” kimi dərin mənalı olur. Yəni o, az sözlə çox böyük hissləri ifadə etməyi bacarırdı. Onun ən məşhur roman və əsərlərinə “Qoca və dəniz” (The Old Man and the Sea), “Günəş də doğur” (The Sun Also Rises), “Əlvida, silah!” (A Farewell to Arms) və “Kimə zəng çalınır” (For Whom the Bell Tolls) daxildir. Əsərlərdə əsas mövzular müharibə, insanın daxili mübarizəsi, sevgi, itki və həyatla mübarizədir. Xüsusilə “Qoca və dəniz” romanı insanın məğlubiyyətə baxmayaraq ruhən sınmamasını göstərən ən güclü əsərlərdən sayılır.

Ədəbiyyat tarixi minlərlə səhifəlik nəhəng romanlarla doludur. Amma bəzən insan ruhunu sarsıtmaq üçün yüz minlərlə sözə ehtiyac olmur – bəzən cəmi altı söz kifayət edir.

Rəvayətə görə, 1920ci illərdə NyuYorkdakı məşhur Algonquin otelində keçirilən bir nahar zamanı dövrün tanınmış ədəbi simaları bir araya gəlmişdi. Masada Ernest Heminquey də var idi. Söhbət getdikcə sözün gücünə və ədəbiyyatda təsirin necə yaradılmasına gəlib çıxır. O an iştirakçılardan biri Heminqueyə meydan oxuyur:“Elə bir hekayə yaz ki, cəmi altı söz olsun, amma həm süjeti tamamlasın, həm də insanı ağlada bilsin”. Bu sadə görünən, amma əslində çox çətin bir tapşırıq idi. Masadakılar hətta bunun mümkün olub-olmadığını sınamaq üçün mərcləşirlər. Hemingway sakitcə qələmini götürür, bir kağız salfet üzərinə heç düşünmədən altı söz yazır. Sonra salfeti masanın ortasına qoyur. Hamı maraqla oxuyur:

“Satılır: heç vaxt geyinilməmiş uşaq ayaqqabıları.”

Bir anda masada dərin bir sükut yaranır. Altı söz hər kəsin beynində tam bir faciə canlandırır – itki, boşluq, heç vaxt yaşanmamış bir həyatın kədəri. Heç kim danışmır, hamı hekayəni artıq öz içində tamamlamışdır.

Bu kiçik mətn ədəbiyyatda “mikro-hekayə” anlayışının və Heminqueyin məşhur “Aysberq nəzəriyyəsi”nin ən güclü simvollarından biri kimi qəbul edilir. Nəzəriyyəyə görə, mətndə yalnız görünən hissə yazılır, əsl mənanı oxucu görünməyən hissəni öz təxəyyülü ilə tamamlayır.

Hazırladı: Mədinə Məcidli