XX əsrin sonlarında modern təhsillə yetişən yeni nəsil aydınlar milli dil anlayışını və onun millətin gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməyə başladılar. Belə ki, Məhəmməd Əmin Rəsulzadə ötən əsrin əvvəlində “Milli dirilik” başlıqlı məqalələr silsiləsində milli dil məsələsinə xüsusi yer ayırmışdır. Ancaq ikicə il yaşayan Cümhuriyyət milli dilə dair de-yure bir anlayışı təsis etmədən tarixə qovuşdu. Yəni anayasa (konstitusiya) qəbul edə bilmədiyi üçün ana dilin siyasi-hüquqi kimliyi qeyri-müəyyən qalmış oldu. Daha doğrusu, de-yure dövlət ola bilməyən Cümhuriyyət bir çox məsələdə olduğu kimi milli dillə bağlı planını da reallaşdıra bilmədi. Milli dil anlayışı Sovet Azərbaycanında siyasi və hüquqi (konstitusiya) status qazandı. İlk konstitusiya olan 1921-ci il mətninin başlanğıcı sovetləşməyə keçidi hədəfləmişdi. Belə olan halda sovetləşmənin dil məsələsindən yan keçəcəyini gözləmək doğru olmazdı. Sovet Azərbaycanının “millilik” anlayışı, məlum olduğu kimi, “homo-sovietucus”a xidmət üçün nəzərdə tutulmuşdu. Beləliklə, sovet hakimiyyəti dövründə əsası qoyulan və bu gün də müşahidə edilən “rus dilli” və “Azərbaycan dilli” ayrımı meydana gəldi. Daha doğrusu, Azərbaycanda modern dil məsələsi XIX əsrdən başlasa da, institutlaşma sovet dövründə baş vermişdir. Çünki Sovet Azərbaycanı modern Azərbaycanın ən uzunmüddətli dövləti olub. 70 il ərzində Azərbaycan xalqının dilində şeirlər, romanlar və s. məhz sovetləşməyə töhfə üçün yazılmışdır. Bu isə aşılması, öhdəsindən gəlinməsi çox da asan olmayan milyonlarla səhifə mətn deməkdir. Lakin bu tarixi yük ancaq önəmli bir zəfərlə tərsinə çevrilə bilərdi. Azərbaycan xalqı o zəfəri Şuşa və Xankəndidə qazandı.
Müstəmləkənin dil məsələsinə təsirini anlamaq üçün şəhər anlayışına da baxmaq lazımdır. Məlum olduğu kimi modern şəhərlərdə kommunikasiya standart dillər vasitəsilə təmin edilmişdir. Bakı bu mənada neft bumu ilə bərabər, Azərbaycanın ilk modern şəhəri olaraq meydana çıxmışdır. Çarlıq dövründən etibarən Bakıda rus dili hakim dil olmuş, sovet dövründə isə bu dilin mədəni, iqtisadi hakimiyyəti institutlaşdırılmışdır. Belə ki, mədəni fəaliyyətlərə zaman ayırmaq imkanı olan və cəmiyyətin şəhərli təbəqəsi kimi qəbul edilən orta sinif gündəlik həyatında, adətən, rus dilindən istifadə etməyə üstünlük vermişdir. 1980-ci illərdə dekolonizasiyanın qlobal motoruna çevrilərək artan millətçilik Azərbaycana da öz təsirini göstərmiş, milli azadlıq hərəkatı müstəqilliklə nəticələnmişdir. Ancaq müstəqilliyi bərpa etmiş millətçi zümrə Kürəkçay və Türkmənçayda başlanan və sovet dövründə institutlaşan izlərin qısa müddətdə aradan qaldırılmasının müşküllüyünü həm təcrübəsizlikdən, həm də dövrün gərgin şərtlərindən dolayı doğru dəyərləndirə bilməmişdir. Qaldı ki həmin dövrdə millətçilərin əsas töhfəsi müstəqilliyin qazanılması üçün apardıqları mübarizə olmuşdur.
1805-ci il Kürəkçay və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrinin, həmçinin sovet dövrünün 70 illik təsirinin izlərini qısa müddətdə aradan qaldırmaq o qədər də asan olmayacaqdı. Müstəqillik dövrünün bu mənada ən dəyərli hadisələrindən biri 1921-ci il konstitusiyası ilə başlayan hüquqi mətnin inkarı olan 12 noyabr 1995-ci ildə ilk müstəqil konstitusiyanın qəbul edilməsi olmuşdur. Məlumdur ki, modern insanın vətəndaşı olduğu dövlətlə bağını və davranışlarını, kimliyini müəyyən edən əsas hüquqi sənəd konstitusiyadır. 1 avqust 2001-ci ildə dövlət və özəl sektorda ana dildə yazmağı zəruri edən “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi bu prosesin məntiqi nəticəsi idi. Ancaq aydın məsələdir ki, praktik nəticə və kəskin sosial-siyasi qərarın alınması üçün müəyyən vaxt tələb olunurdu. Hər şeydən əvvəl Azərbaycan xalqının ən ümdə vəzifəsi və məsələsi ərazi bütövlüyünün təmin edilməsi idi. Ancaq bundan sonra digər daxili məsələlərə yönəlmək olardı. Yəni əvvəlcə vətənin bütövlüyü (sağlamlıq) təmin edildikdən sonra milli kimlik məsələləri (funksionallıq və estetika) gündəlikdə özünə yer tapa bilərdi…