Ankarada Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə 2026 – cı il 29 iyun – 2 iyul aralığında “Dəyişən dünya nizamı və Azərbaycan xarici siyasəti” adlı beynəlxalq yay məktəbi keçirilib.
Azərbaycan və Türkiyənin aparıcı ekspertlərini, dövlət qurumlarının nümayəndələrini və gənc tədqiqatçıları bir araya gətirən proqramın əsas məqsədi qlobal siyasi transformasiyalar fonunda Azərbaycan xarici siyasətinin prioritetlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini, eləcə də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının perspektivlərini müzakirə etmək olub.
Yay məktəbinin açılış mərasimində BMTM-nin İdarə Heyətinin sədri Dr. Fərid Şəfiyev, BMTM-nin İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin müdiri Prof. Dr. Ramazan Erdağ çıxış edərək, proqramın əhəmiyyətindən, dəyişən beynəlxalq sistemdə Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının rolundan bəhs ediblər.
Yay məktəbi çərçivəsində Azərbaycanın xarici siyasəti, regional təhlükəsizlik, Türk dünyasında əməkdaşlıq, geosiyasi transformasiyalar və beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti kimi mövzularda silsilə mühazirələr təşkil olunub. Təlimlər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində və elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən tanınmış mütəxəssislər tərəfindən aparılıb.
Təlimçilər sırasında Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Dr. Araz Aslanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Nazim Cəfərsoy, Ankara Yıldırım Beyazıt Universitetinin dosenti Dr. Kənan Aslanlı və Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri,dosent Orxan Vəliyev və başqa tədqiqatçılar yer alıb.
Proqramda Türkiyənin Yurt Dışı Türklər və Əqraba Topluluqları Başkanlığı (YTB), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, Anadolu Agentliyi və digər dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif universitetlərin tələbələri və gənc tədqiqatçıları iştirak etmişlər. Yay məktəbi iştirakçılar üçün həm nəzəri biliklərin artırılması, həm də Azərbaycan–Türkiyə akademik və institusional əməkdaşlığının inkişafı baxımından mühüm platforma olub.
Dörd gün davam edən proqram 2026-cı il iyulun 2 – də iştirakçıların Yurt Dışı Türklər və Əqraba Topluluqları Başkanlığına (YTB) səfəri ilə yekunlaşmışdır. Səfər çərçivəsində qurumun fəaliyyəti, xaricdə yaşayan türklər və qohum icmalarla bağlı həyata keçirilən layihələr, eləcə də beynəlxalq təhsil və akademik əməkdaşlıq proqramları barədə ətraflı məlumat verilib.








