Həşim Səhrablı Köşə Yazıları

Antiterror və nəticələri

Əvvəla Azərbaycan ordusunun dünən qazandığı uğurunu xüsusi qeyd etmək lazımdır. 30 ildən çoxdur işğal altında qalan, bu müddətdə kifayət qədər istehkamlar qurulmuş, müdafiəsi güclü təşkil edilmiş bir ərazidə 24 saat ərzində təslimiyyətə səbəb olan əməliyyatlar keçirmək profesional praktik və nəzəri biliklər tələb edir. Demək ki, hazırda Azərbaycan ordusu kifayət qədər praktik və nəzəri hazırlığa sahibdir.

Digər tərəfdən, Azərbaycan ordusunun separatçılara dəstək verib-verməməsindən asılı olmayaraq sivil ermənilərə qarşı xüsusi həssaslığı, sivillərə zərər vermədən əməliyyatları uğurlu şəkildə tamamlaması insani davranış olaraq Azərbaycan tərəfinin humanizm və beynəlxalq hüquqdan yana olduğunu təkrar sübut etdi.

24 saatlıq əməliyyatların uğurları bununla bitmir. Azərbaycan həm də ərazisində yaradılmış bölücü fəaliyyətləri sonlandırmaq istiqamətində önəmli addımlar atdı. Separatçılar ağ bayraq qaldırdı, 30 ildir Azərbaycan ərazilərini işğal edən, bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə” deyən Ermənistan dövləti, ümumiyyətlə, hər hansı formada məsələyə qarışmadı. Ermənilərin beynəlxalq havadarlarının bəziləri səssizliyi seçdi, digərləri isə adəti üzrə bəyanat yaysa da, məğlubiyyətə mane ola bilmədilər.

Əslində, 24 saatlıq əməliyyatlar tək separatçıların ağ bayraq qaldırması deyil, bütün anti-Azərbaycan qüvvələrin məğlubiyyətinin rəsmi elanı oldu. Çünki bölgədəki işğal faktoru, separatçıların meydan oxuması və Azərbaycanın suverenliyinə qarşı olan bütün addımlar ermənilərin öz güclərinin nəticəsi deyildi. Onların heç vaxt bu gücü olmayıb, bundan sonra da olmayacaq. Bu tamamilə anti-Azərbaycan qüvvələrin təşkil etdiyi, ermənilərin əli ilə həyata keçirilən böyük geosiyasi oyun idi. Bu oyunla Rusiya, İran, Fransa kimi ölkələr Cənubi Qafqaza müdaxilə edir, bölgəni ram etməyə çalışırdı. Ancaq artıq oyun bitdi.

Rusların səssiz qalmağa məcbur olduğu, fransızların boş bəyanatları və farsların çarəsiz şəkildə prosesləri izləməsi ilə sona çatan “Qarabağ oyunu”nun ən məhsuldar tərəfi Azərbaycana qarşı illərdir istifadə edilən “Qarabağ kartı”nın sıradan çıxmasıdır. Bu o kartdır ki, böyük geosiyasi qərarlarda, ümumi dünyəvi məsələlərdə Azərbaycanın xarici siyasət addımlarına təsir edir, onun milli maraqlarından yola çıxmasında müəyyən əngəllər yaradırdı.

Artıq əngəl yoxdur, artıq mənfi təsirləriylə yadda qalan “Qarabağ kartı” yoxdur. İndi Azərbaycanın öz kartlarını masaya yatırmasının vaxtıdır. Ən azından Cənubi Qafqaz ilə bağlı bütün məsələlərdə kimsə Azərbaycan ilə məsləhətləşmədən hansısa qərar qəbul edə bilməyəcək, rəsmi Bakı ilə məsləhətləşmədən qəbul edilən qərarlar effektiv olmayacaq.

Bununla da yekunlaşmır. Qarabağda separatizmin birdəfəlik məğlubiyyəti Azərbaycanın ikinci, üçüncü və digər məqsədlərinə yaşıl işıq yandırır. Məsələn, on illərdir kütləvi şəkildə öz ata yurdlarından qovulan Qərbi azərbaycanlı soydaşlarımızın hüquqları illər idi ki, Qarabağ probleminin kölgəsində qalmışdı. İndi kölgə çəkilib. Qərbi azərbaycanlıların bütün haqq və hüquqları gün işığına çıxır.

Zəngəzur koridoru isə, mülayim və xoş rəftardan anlamayan ermənilərin pozucu fəaliyyətləri nəticəsində açılmır. Əgər ermənilər mülayim rəftarı başa düşməzsə, o halda Qarabağdakı uğur Zəngəzur koridorunun açılmasına da örnək təşkil edə bilər.

Ən əsası, 200 ildir itirməyə, parçalanmağa və kiçilməyə məcbur edilmiş Azərbaycan dövlətçiliyi yenidən itirdiklərini geri almağa başlayır. Bu isə milli ruhun oyanışı, milli özünüdərkin və milli dövlətçiliyin dirçəlişidir. Yeni dünyaya tam fərqli ruh və milli şüurla keçidin xəbərçisidir. Bu, 50 milyondan çox azərbaycanlının düşüncə birliyi, milli vəhdətinin ilk carçılarıdır.

24 saatlıq əməliyyatların regional və dünyəvi əhəmiyyətindən də bir-iki cümlə söz edsək, yerinə düşər. Bu əməliyyatlar göstərdi ki, artıq bütün dünya, elə ermənilər özü də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu reallığı ilə barışıb. Rusiya tərəfi faktiki “Qarabağ kartı”nı itirməsi fonunda regiona təsir gücünü itirməmək üçün yeni bəhanələr axtarışındadır. Kreml münaqişənin nizamlanmasının qarşısını ala bilməyəcəyini görür, ancaq yeni təsir rıçaqları formalaşdırana qədər həll prosesini uzatmaqla məşğuldur.

Qərb dairələrinin alternativi yoxdur. Yəni onlar bölgəyə müdaxilə imkanlarından məhrum olduqları üçün ancaq bəyanat verə, qınama xarakterli mesajlar yaya bilərlər. Buna görə də Qərb dairələri həmişə ermənilərin əli ilə müdaxilə imkanlarından istifadə edirdi. Ermənilərin ağ bayraq qaldırması fonunda Qərb sadəcə izləyici olacaq.

İran Qarabağ məsələsinə qarışmamağı düşünür desək, yanılmarıq. Çünki istər 24 saatlıq əməliyyatlar zamanı, istərsə də əməliyyatlardan sonra İrandan hər hansı formada etiraz və dəstək görmədik. Onlar sadəcə regiondakı dövlətlərin sərhədlərinin dəyişdirilməməsi yönündə mövqe bildirirlər ki, hazırda əsas müzakirə mövzusu bu deyil. İndi əsas məsələ Qarabağ probleminin birdəfəlik həllidir.

Türkiyə isə həmişə olduğu kimi, indi də birmənalı şəkildə Azərbaycana dəstək verir. Qəribəsi odur ki, Türkiyə Qafqaza təsirini artırdıqca Rusiyanın təsir imkanları azalır, ancaq rəsmi Moskva Türkiyə ilə ortaq addımlar atmaqdan çəkinmir, Türkiyənin bölgədə nüfuzunun artmasından narahat görünmür. Bu, iki hal ilə izah edilə bilər:

1. Rusiya düşdüyü çətin vəziyyətdə Qafqazdakı status-kvonu tək qoruyub saxlaya bilməyəcəyini yaxşı anlayır. Azərbaycan–Türkiyə birliyi olmadan Qərbin Qafqaza gəlişini dayandıra bilməyəcəyini bilir.

2. Yeni dünya düzəninin formalaşması prosesində regionda türklərlə əməkdaşlığın qaçılmaz olduğunu, əks təqdirdə Qərbə qarşı ümumi dünyəvi mübarizədə məğlub olacağını görür.

Hansı səbəb olmasından asılı olmayaraq Rusiya artıq Azərbaycan–Türkiyə birliyi ilə hesablaşmaqdan başqa yolun olmadığını dərk edir.

Yerlərdə vəziyyətin necə dəyişməsindən asılı olmayaraq başlayan bir proses var və kimsə onun qarşısını ala bilməz. Deyə bilərik ki, yeni dünyada Cənubi Qafqazda da siyasi xəritələr əvvəlki kimi olmayacaq. 2020-ci ildə başlayan Azərbaycan–Türkiyə birliyinin hakim olduğu yeni status-kvonun formalaşması prosesi davam edir. Sonrakı hədəflər yuxarıdakı cümlələrdə az-çox özünü büruzə verir.