NASA-nın həyata keçirdiyi “Artemis II” missiyası insanların Ay ətrafına göndərilməsini nəzərdə tutan mühüm kosmik layihədir. Bu proqram “Artemis” Ay proqramının növbəti mərhələsi hesab olunur və gələcək Ay enişləri üçün vacib sınaq rolunu oynayır.
Missiya zamanı astronavtlar “SLS” raketi və “Orion” kosmik gəmisilə Ayın orbitinə uçacaq. Uçuşun əsas məqsədi kosmik texnologiyaların təhlükəsizliyini yoxlamaq, ekipajın kosmos şəraitində fəaliyyətini test etmək və gələcək insanlı Ay səfərləri üçün təcrübə toplamaqdır. Astronavtlar bu missiyada Aya eniş etməyəcək, lakin Ay ətrafında uçaraq Yerə qayıdacaqlar.
“Füyuzat” xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
NASA artıq missiya öncəsi keçirilən sınaqları başa çatdırıb. Testlər zamanı bəzi texniki çətinliklər qeydə alınsa da, əsas hazırlıq mərhələləri uğurla yerinə yetirilib. Bu səbəbdən uçuşun ən tez mart ayında həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu missiya 1972-ci ildən sonra insanların ilk dəfə Ayın yaxınlığına göndərilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Artemis” proqramının əsas məqsədi gələcəkdə insanların Ayda uzunmüddətli fəaliyyətini təmin etmək və Marsa uçuş üçün hazırlıq aparmaqdır.



