Xəbərlər

Azərbaycan Dillər Universitetinin tələbələri “Füyuzat” və “İşıq” jurnallarının qonağı olub

Azərbaycan Mətbuat Şurasında istehsalat təcrübəsi keçən Azərbaycan Dillər Universitetinin Filologiya və Beynəlxalq Jurnalistika fakültəsinin bir qrup tələbəsi MİMTA Yayımları, “Füyuzat” və “İşıq” jurnallarının qonağı olub.

“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, MİMTA Yayımlarının direktoru, “İşıq” jurnalının baş redaktor müavini Əsəd Aslanoğlu və “Füyuzat” jurnalının bədii redaktoru Ülviyyə Rəhman Mətbuat Şurasının sözçüsü Fəridə Ağazadənin rəhbərlik etdiyi təcrübəçilərlə görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb.

MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən bəhs açılıb, eyni zamanda “Füyuzat” və “İşıq” jurnallarının tarixi və bugünkü fəaliyyəti barədə geniş məlumat verilib. Bundan sonrakı hədəf və məqsədlərdən danışılıb.

Tələbələrə jurnal işinin incəlikləri, redaktənin əsasları və məqalə yazmağın sirləri aşılanıb. Eyni zamanda, “Füyuzat” jurnalının, onun məqsəd və məramının çağdaş dünyamızda daha geniş auditoriyaya çıxmasını təmin edən “FÜYUZAT tv” və “Fuyuzat.az” saytının işindən bəhs olunub. Həm jurnal, həm də televiziyaya maraq göstərən tələbələrə mətbuatın bütün növlərinin xəbər yayımındakı və ictimai şüurun formalaşmasındakı əhəmiyyətindən bəhs edilib. Sonda tələbələr nəşriyyat və çap prosesi ilə yaxından tanış ediliblər.

Öz növbəsində qonaqlar MİMTA Fonduna, “İşıq” və “Füyuzat” jurnallarına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür ediblər.

Qeyd edək ki, fevral ayında başlayan və 29 mayda başa çatacaq təcrübə proqramı çərçivəsində gənc jurnalistlər ölkənin aparıcı media qurumları ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.