Mədinə Məcidli Xəbərlər

Azərbaycan xalçalarının incəsənətdə təsviri

Vilhem Rosenstand “Kristian və Dyveke” adlı tablosunda Qazax–Şirvan tipli xalça nümunəsi

Danimarkalı rəssam Vilhelm Rosenstand tərəfindən 1885-ci ildə çəkilmiş “Kristian və Dyveke” əsəri tarixi-romantik üslubda yaradılmışdır. Kompozisiyada diqqət çəkən mühüm elementlərdən biri döşəməyə sərilmiş zəngin naxışlı Şərq xalçasıdır. Tabloda görünən xalça vizual xüsusiyyətlərinə görə Qazax–Şirvan tipli Qafqaz xalçalarına yaxın hesab olunur. Bu tip xalçaların əsas xüsusiyyətləri bunlardır: həndəsi ornamentlər və açıq, aydın kompozisiya, parlaq, kontrastlı rənglər (xüsusilə qırmızı, mavi, ağ), mərkəzdə və ya sahə boyunca yerləşən medalyonvari motivlər. Ümumilikdə Qazax xalçaları daha iri və sadə formalarla seçildiyi halda, Şirvan xalçaları daha incə və sıx naxışlarla fərqlənir. Rosenstandın əsərindəki xalça isə bu iki üslubun qarışıq vizual təsirini yaradır: həm iri ornamentlər, həm də nisbətən incə detal işlənməsi görünür. XIX əsr Avropa rəssamlığında Şərq xalçaları tez-tez istifadə olunurdu. Rosenstand da bu ənənəni davam etdirərək əsərdə xalçanı interyerin əsas dekorativ elementi kimi təqdim etmişdir. Əsərin təsvirində də qeyd olunur ki, personajlar zəngin interyer və naxışlı xalça ilə əhatə olunub . Tablo göstərir ki, Azərbaycan və ümumilikdə Qafqaz xalçaları həm də Avropa incəsənətində tanınmış və istifadə olunmuşdur.

Lorenso Lotto “Ailə” adlı tablosunda Quba–Şirvan ipli xalçalarda olan “kaşı” ünsürü


Lorenzo Lottonun “Ailə” adlı tablosunda diqqət çəkən əsas detallardan biri əsərin interyerində təsvir olunan Şərq xalçasıdır. Xalça yalnız dekorativ element kimi deyil, həm də dövrün Avropa rəssamlığında Şərq sənətinə olan marağın göstəricisi kimi mühüm rol oynayır. Tablodakı xalça ümumi quruluşuna görə “Lotto xalçaları” adlanan qrupa aid edilsə də, onun ornament sistemində Quba–Şirvan xalça ənənələrinə yaxın incəliklər də müşahidə olunur. Xalçanın üzərində qırmızı fon üzərində yerləşdirilmiş sarı və açıq rəngli ornamentlər, ritmik şəkildə təkrarlanan bitkiyə bənzər naxışlar və axıcı arabesk motivlər diqqət çəkir. Bu cür dekorativ quruluş “kaşı” və ya Kaşan üslubuna xas xüsusiyyətlərlə əlaqələndirilir. Kaşı ünsürü əsasən çiçəkvari, stilizə olunmuş bitki motivləri, simmetrik və axıcı kompozisiya quruluşu ilə seçilir və daha çox İran xalçaçılıq ənənəsində formalaşıb, daha sonra isə digər bölgələrin, o cümlədən Qafqaz xalçalarının ornamentikasına təsir göstərib. Xalçanın ümumi strukturunda Quba–Şirvan xalçalarına xas olan incə və sıx naxış sistemi də hiss olunur. Bu xüsusiyyətlər arasında xırda ornamentlərin ritmik düzülüşü, sahənin dekorativ şəkildə bölünməsi və naxışların dəqiq konturlarla işlənməsi xüsusi yer tutur. Tabloda təsvir edilən xalça, müxtəlif xalça ənənələrinin sintezini əks etdirir. Əsərdə Lotto xalçanı sadəcə fon kimi istifadə etmir, onu kompozisiyanın emosional və estetik gücünü artıran mühüm elementə çevirir. Şərq xalçası burada həm zənginlik və status simvolu kimi çıxış edir, həm də Avropa rəssamlığında Şərq mədəniyyətinə olan marağın vizual ifadəsinə çevrilir.

Holbeynin “Səfirlər” əsərində “Şirvan xalçası”
Hans Holbeynin 1533-cü ildə çəkdiyi məşhur “Səfirlər” əsərində təsvir olunan xalça sənət tarixində “Holbeyn xalçası” kimi tanınan Anatoliya tipli xalçalara aiddir. Lakin bəzi tədqiqatlarda bu xalçanın ornamentikasında Quba–Şirvan xalça məktəbinə yaxın motivlərin də olduğu qeyd edilir. Xüsusilə xalçanın mərkəz və sahə quruluşundakı həndəsi ritm, xırda ornamentlərin sıx düzülüşü və rəng kontrastı Şirvan tipli xalçalara xas estetikaya uyğun gəlir. Şirvan xalçalarının əsas xüsusiyyəti incə toxunuş, sıx düyün sistemi və xırda həndəsi və ya stilizə olunmuş bitki motivləridir. “Səfirlər” əsərindəki xalçada da bu tip dekorativ düşüncə hiss olunur, yəni ornamentlər geniş boşluqlara yayılmır, əksinə bütün səthi ritmik şəkildə doldurur. Xalça həm də Qafqaz, xüsusilə Şirvan bölgəsinin ornament ənənələri ilə paralellik göstərir. Eyni zamanda bu əsərdə xalça Avropa rəssamlığında status və zənginlik simvolu kimi istifadə olunub. Holbeyn onu diplomatik və elmi fiqurların əhatəsində olan mədəni zənginlik elementi kimi göstərir.

Hazırladı: Mədinə Məcidli