Elçin Bilaloğlu Füyuzat 143

Azərbaycan–Çin münasibətləri

Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir və sərbəst şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilib. Xarici siyasətimiz isə daxili siyasətimizin davamıdır və bu gün prinsipiallığı, eləcə də suverenliyi, müstəqilliyi ilə beynəlxalq aləmdə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki belə bir iradə olmadan heç bir dövlət öz müstəqil yolunu müəyyənləşdirə bilməz. Bu siyasi iradə həm ölkə daxilində, həm də beynəlxalq arenada atılan addımlarda özünü aydın şəkildə büruzə verir. Eyni zamanda ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmini bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək. Buna görə də son illərdə həm siyasi, həm də iqtisadi islahatların aparılması ölkəmizin bu sahələrdə yüksəlişinə səbəb olmuşdur.

Azərbaycanın son illərdə həyata keçirdiyi diplomatik münasibətlər bir neçə əsas strateji hədəfə yönəlib. Bu münasibətlər həm regional, həm də qlobal səviyyədə ölkənin maraqlarını qorumaq və mövqeyini gücləndirmək məqsədi daşıyır. Bu məqsədləri əsas istiqamətlər üzrə ümumiləşdirmək mümkündür.

Son 5 ildə Azərbaycanın diplomatik fəaliyyətinin əsas məqsədlərindən biri 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra əldə olunan qələbənin beynəlxalq miqyasda tanınması və təsdiqidir. Bununla bağlı olaraq Qarabağda suverenliyin bərpası məsələsi bütün görüş və danışıqlarda prioritet kimi irəli sürülür. Həmçinin Ermənistanla normallaşma prosesi və sülh müqaviləsi üzrə danışıqlar regionda dayanıqlı sabitliyin bərqərar edilməsi üçün əsas istiqamətdir.

Regional əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan son illərdə bölgədə mühüm nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Ölkəmiz Zəngəzur dəhlizi kimi strateji layihələrlə regionun nəqliyyat xəritəsini dəyişdirməyi hədəfləyir. Həmçinin bu vasitə ilə Türkiyə, Gürcüstan, Orta Asiya ölkələri ilə əlaqələr daha da dərinləşdiriləcək, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi və iqtisadi inteqrasiya gücləndiriləcək.

Xüsusilə son illərdə Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyası nəticəsində Avropaya çıxış imkanları genişlənib, enerji sahəsində əməkdaşlıq isə daha da dərinləşib. “Cənub qaz dəhlizi” vasitəsilə Azərbaycan qazı Avropa bazarına çıxarılır. Eləcə də Azərbaycanın çox böyük miqyaslı “yaşıl enerji” gündəliyi var. Növbəti beş il ərzində 6 min meqavat gücündə “yaşıl enerji” istehsal etmək planlaşdırılır. Layihənin əsas istiqaməti, təbii ki, enerjiyə tələbatı olan ölkələr olacaqdır. Bu isə Azərbaycanın strateji tərəfdaş kimi rolunu artırır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artırdı. Bu çərçivədə qlobal ədalətlilik, beynəlxalq hüquq, kiçik dövlətlərin maraqları kimi məsələlərdə fəal mövqe nümayiş etdirdi. Pandemiya dövründə inkişaf etməkdə olan ölkələrə dəstək təşəbbüsləri ilə çıxış etdi.

Azərbaycan həm Qərblə, həm də Rusiya, Çin, İran kimi güclərlə balanslaşdırılmış münasibət saxlamağa çalışır. Bu siyasət Azərbaycanın geosiyasi risklərdən qorunmasını və öz milli maraqlarını qorumağı hədəfləyir. Azərbaycanın son illərdəki diplomatik fəaliyyəti suverenliyin möhkəmləndirilməsi, regional liderliyə doğru addımlar, qlobal əməkdaşlıqda aktivlik və beynəlxalq nüfuzun artırılması kimi strateji məqsədlərə əsaslanır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 22-dən 24-dək Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisə olmaqla yanaşı, gələcək strateji məqsədlərə hesablanıb.

Qeyd etməliyik ki, Azərbaycan–Çin münasibətləri son illərdə siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə davamlı şəkildə inkişaf edir. Bu münasibətlər xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində daha da möhkəmlənmişdir. Gəlin bu münasibətlərin inkişaf dinamikasına və gələcək perspektivlərinə qısa və aydın şəkildə nəzər yetirək…

Davamı…