“AzerGold” QSC və Pakistanın “Frontier Works Organization” şirkəti arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi üçün məsləhətləşmələr aparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (Non-disclosure agreement – NDA) sənədinin, əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə səhmdar cəmiyyəti məlumat verib.
Məlumata görə, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlıq imkanlarının, ortaq layihələrin icrası perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə Z.İbrahimov ölkələrimiz və xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini, Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin strateji əhəmiyyət kəsb edən bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
Sədr “AzerGold”un fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, səhmdar cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib, bu xüsusda “Frontier Works Organization”lə filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, istismarı sahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.
A.Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yol tikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu və digər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını, “AzerGold”la birgə həm Azərbaycan, həm də Pakistanda birgə geoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətində əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlı olduqlarını qeyd edib. Baş icraçı direktor “AzerGold”u apreldə keçiriləcək Pakistan Mineral İnvestisiya Forumunda iştiraka dəvət edib. Sədr isə dəvətə görə təşəkkür edib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi baxımından vacibliyi diqqətə çatdırılıb.