“Azərbaycanın mədəni irsinə səyahət” silsiləsindən növbəti layihə – Azərbaycan tarixinin qədim və sirli qatlarına işıq salan “Azıx mağarası” tammetrajlı sənədli filmi tezliklə tamaşaçılara təqdim olunacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Bildirilib ki, filmdə Azərbaycanın cənub-qərbində yerləşən Azıx mağarasının qədim tarixdəki yeri araşdırılır.
Azıx mağarasının quruluşu, qədim insanlar üçün əhəmiyyəti, orada tədqiqatların başlaması və hazırkı vəziyyəti ətraflı şəkildə izah olunur. Bu məqsədlə 2D və 3D qrafik təsvirlərdən, animasiyalardan, həm yerli, həm də əcnəbi alimlərdən alınan müsahibələrdən istifadə edilir.
Filmdə MONREPOS Arxeoloji Tədqiqatlar Mərkəzinin eksperti Joao Manuel Marreiros, Algarve Universitetinin qədim tarix və arxeologiya mütəxəssisi Eduard Paixao, Britaniyanın Durham Universitetinin arxeoloqu, professor Pol Barri Pettitt, Kanadanın Viktoriya Universitetindən professor April Nouell, Ankara Universitetindən arxeoloq, professor Harun Taşkıran, AMEA-nın baş elmi işçisi, Azıx tədqiqat qrupunun rəhbəri Əjdər Babazadə, eləcə də digər tanınmış mütəxəssislərin Azıx mağarası, onun insanlığın tarixdə oynadığı rol haqqında fikirləri yer alıb.
Film eyni zamanda tamaşaçını mağarada hazırda davam edən arxeoloji qazıntıların da iştirakçısına çevirir.
“Azıx mağarası” tammetrajlı sənədli filmini Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Alpha Prodüksiyon və Ajans Hizmetleri” şirkəti istehsal edib.



