Xəbərlər

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.

“Füyuzat”ın məlumatına görə, iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm. Sizi və nümayəndə heyətinin üzvlərini salamlayıram.

Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostuq, qardaşıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlərik. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.

Bu gün Dövlətlərarası Şuranın ikinci iclası çərçivəsində biz hesabatları dinləyəcək, qəbul etdiyimiz qərarların yerinə yetirilməsi üzrə növbəti tapşırıqlar verəcək və minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramını müəyyənləşdirəcəyik.

Ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Ölkəmizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim.

Hökumət üzvləri və müxtəlif strukturların rəhbərləri səviyyəsində də müntəzəm təmaslar həyata keçirilir. Bu yaxınlarda Hökumətlərarası Komissiyanın növbəti iclası olub. Artıq dediyim kimi, bu gün nəticələri dinləyəcəyik. Əminəm ki, onlar prinsipcə bizi sevindirəcək. Həm də Sizinlə razılaşdığımız kimi və hökumətlərimizin üzvlərinə verdiyimiz tapşırıqlara əsasən, biz bütün qərarlara və onların yerinə yetirilməsinə nəzarət edirik.

Həmçinin qardaş Özbəkistanı tarixi hadisə – futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan – insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycanı da təmsil edəcəksiniz.

Prezident Şavkat Mirziyoyev: Mütləq.

Prezident İlham Əliyev: Beləliklə, əziz Qardaş, bir daha xoş gəlmisiniz. Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, bizim Dövlətlərarası Şuranın nəticələri yaxın vaxtlarda öz bəhrəsini verəcək. Bir daha xoş gəlmisiniz!