Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.
“Füyuzat”ın məlumatına görə, tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.
Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, Millət Vəkilləri, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, ictaimiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı olub.
O, əlavə edib: “Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.
Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi, xalqlar arasında da vacib şərtlərdəndir.
300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:
– türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
– Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
– türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.
Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13–16 yaş aralığında olan şagirdlər iştirak ediblər.İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”
Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edir”.
Daha sonra söz Filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərova verilib. 3 May Türkçülük Gününün türk tarixində önəmli yerə sahib olduğunu bildirən deputat təşkil olunan tədbirin bu günün əhəmiyyətini bir daha sübut etdiyini qeyd edib. O gələn qonaqlara təşəkkür edərək, təşkilatçılara uğurlar arzulayıb.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək türk xalqlarının zəngin tarixə malik olduğunu, türk mədəni irsinin dünyanın ən zəngin irslərindən biri olduğunu bildirib. O, uşaqların milli-mənəvi dəyərləri öyrənməsi üçün faydalı olan bu kimi tədbirlərin təşkilinə görə təşəkkür edib və belə topkantıların davamlı olmasını arzulayıb.
Söz Nəsibə Aydın Məktəblərinin qurucusu Nəsibə Aydına verilib. O bildirib ki, türk dünyasının inteqrasiya və həmrəyliyi üçün atılan bütün addımlar kimi, bu tədbirin də xüsusi önəmi var. O, belə tədbirlərin davamlı olmasının gələcəyimiz olan Türk dünyası gənclərinin bir-birini anlaması üçün əhəmiyyətli olacağını bildirərək tədbirin təşkilatçılarına təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbir yenidən musiqi və rəqs nömrələri ilə davam edib və mükafatlandırma mərasimi ilə başa çatıb.
2-ci Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayında, onlayn formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb. Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif edilib.
Bundan əlavə, ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edəcək. Mükafatlandırma mərasimi Bakı şəhərində “Grand Neon” restoranında baş tutub. Qaliblərə medallar, sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub. İştirakçılar içərisində «Yaxşıların yaxşısı» nominasiyasının qalibi olan şagird «Qızıl alma» mükafatına layiq görülüb.
Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında artıq 2-ci dəfə keçirilən Türk İnteqrasiya Olimpiadasının builki buraxılışının təşkilatçıları, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Turan Universiteti, Azərbaycan Dövlət Televiziyası və Hədəf Şirkətlər Qrupudur.Layihəyə dəstək verən qurumlar SinKod, Faiqoğlu MMC, MUSİAD Azərbaycan, Nəsibə Aydın Məktəbləri, CASFEN, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, ELTA, Kipr-Azərbaycan Dostluq Cəmiyyəti, E12, HiLanguages və Hədəf Globaldır.
TİO Təşkilat Komitəsinin qərarına əsasən, 3-cü Türk İnteqrasiya Olimpiadasının final mərhələsi 2026-cı ildə Ankara şəhərində təşkil olunacaq.
