Tarix, hakimiyyətdə olmuş insanların qəribə, bəzən anlaşılmaz görünən şəxsi vərdişləri və qəribəlikləri ilə doludur. Dünyanı idarə edən fiqurların bəzən çox adi, bəzən isə tamamilə qeyri-adi qorxuları və obsesiyaları onların xarakterini daha yaxından anlamağa imkan verir. Fransa kralı VI Çarlz tarixə “dəli kral” kimi düşmüşdür. O özünü şüşədən hazırlanmış hesab edirdi. Sanki toxunulsa qırılacaqmış kimi davranır, insanların ona yaxınlaşmasından qorxurdu. Hətta bədəninə dəmir çubuqlar yerləşdirilmiş xüsusi paltar geyindiyi deyilir ki, “qırılmasın”. Napoleon haqqında isə ən məşhur miflərdən biri onun qısa boylu olmasıdır. Əslində o, dövrün ortalamasına uyğun idi. Buna baxmayaraq, uzunboylu əsgərlərlə əhatə olunmağı xoşlayırdı. Özünü daha güclü və nüfuzlu göstərmək istəyirdi. Bəzi mənbələrə görə də Napoleonun pişiklərə qarşı fobiyası vardı. Tam sübut olunmasa da, onun müəyyən heyvanlara qarşı narahatlıq hiss etdiyi qeyd olunur. Belə güclü bir liderin belə zəifliyi olması ideyası tarixçilər üçün həmişə maraqlı olub. Misirin məşhur kraliçası Kleopatranın turşuya olan hədsiz sevgisi haqqında rəvayətlər mövcuddur. Onun gözəllik üçün turşu əsaslı qarışıqlardan istifadə etdiyi, hətta bəzi mənbələrdə inciləri turşuda əridərək içdiyi qeyd olunur.
I Pyotr dişlərlə bağlı qəribə bir marağa malik idi. Diş həkimliyinə həddindən artıq maraq göstərir, hətta ətrafındakı insanların dişlərini özü çəkirdi. Fridrix xüsusilə qreyhound tipli itləri sevirdi. O, sarayında itləri sərbəst gəzdirir, onlarla vaxt keçirir, hətta bəzən dövlət işlərindən daha çox diqqət ayırırdı. Deyilənə görə, Fridrix insanlara, xüsusilə saray əyanlarına tam etibar etmirdi. Bu səbəbdən itlərə olan sevgisi daha da güclənmişdi. Demişdi ki, “itlər insanlardan daha sadiqdir” – fikir onun dünyagörüşünü açıq şəkildə göstərir. Onun bağlılığının ən təsirli tərəfi isə ölümündən sonrakı arzusu idi. II Fridrix vəsiyyət etmişdi ki, o öldükdən sonra Sanssouci sarayı bağçasında, sevdiyi itlərinin yanında dəfn olunsun. Maraqlıdır ki, bu arzu dərhal yerinə yetirilmədi. Yalnız 1991-ci ildə – ölümündən təxminən 200 il sonra – onun nəşi həqiqətən də istədiyi yerə köçürüldü.
II Yekaterina lüksə olan sevgisi ilə tanınırdı. Onun samur dərilərinə xüsusi marağı vardı və sarayında saysız–hesabsız bahalı xəz kolleksiyası saxlayırdı. Çinin ilk imperatoru Qin Şi Huanq ölümsüzlük əldə etmək ideyası ilə yaşayırdı. O, sehrli içkilər axtarır, alimlərə tapşırıqlar verirdi. Bəzilərində civə olduğu üçün onun ölümünə səbəb olduğu güman edilir. “Günəş kralı” XIV Lüdovikin gigiyena ilə bağlı qəribə yanaşması vardı. O dövrdə suyun xəstəlik yaydığına inanıldığı üçün çox nadir hallarda çimirdi. Əvəzində ətir və pudralarla təmiz qalmağa çalışırdı –bir növ fərqli “hamam” anlayışı idi. Şopen diri–diri basdırılmaq qorxusu yaşayırdı. Ölümündən sonra ürəyinin çıxarılıb ayrıca saxlanılmasını vəsiyyət etmişdi. Buda onun qorxusunun göstəricisi idi. Roma imperatoru Kommodus özünü Herakl kimi görür və tez-tez qladiator döyüşlərinə çıxırdı. Halbuki imperatorun belə döyüşlərdə iştirak etməsi qeyri–adi və təhlükəli idi. Reyqan və həyat yoldaşı astrologiya ilə bağlı məsələlərə ciddi yanaşırdı. Vacib görüşlərin və səfərlərin vaxtı bəzən ulduz falına görə müəyyən edilirdi. Göründüyü kimi, tarixdə güclü və məşhur olmaq insanı qəribəliklərdən uzaqlaşdırmır. Hətta verdikləri tarixi qərarları belə formalaşdırır.
Hazırladı: Mədinə Məcidli



