Xəbərlər

Baku TV səkkiz yaşında: Ənənəvi və rəqəmsal televiziya arasındakı fərqi sübut edən uğur hekayəsi 

“Baku TV müasir dövrdə ənənəvi televiziya ilə rəqəmsal, onlayn televiziyanın fərqinin nə qədər yüksək olduğunu sübut etdi”.

 “Füyuzat” xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında bu gün səkkiz yaşını qeyd edən Baku TV-nin baş redaktorunun müavini Azadə Balayeva deyib.

Telekanalın Müəllif və yaradıcılıq departamentinin rəhbəri İman Məcidov qeyd edib ki, cəmi səkkiz yaşı olmasına rəğmən, Baku TV bu illər ərzində çox işlər görüb və görməkdədir:

“Azərbaycan teleməkanının ən gənc kanalı olan Baku TV-də, əsasən, gənclər işləyirlər. Biz də həm öz təcrübəmizlə onlara kömək edir, həm də onlardan öyrənirik”.

Baku TV-nin efir siyasətinə gəlincə, Efirə nəzarət və proqramlaşdırma departamentinin rəhbəri Aynurə Qafarova deyir ki, daha çox xəbəryönümlü verilişlər hazırlanır:

“Tamaşaçılar son xəbəri anında bilmək istəyəndə artıq Baku TV-ni axtarır, ondan eşitmək istəyirlər. Çünki Baku TV televiziya məkanında ən doğru xəbərin ünvanı olaraq öz yerini tutub”.

Qeyd edək ki, “Global Media Group”un üzvü olan, 2018-ci ildən etibarən operativ xəbərçilik, obyektiv yanaşma və məsuliyyətli jurnalistika prinsiplərini əsas götürən Baku TV qısa müddətdə ölkənin aparıcı media platformalarından birinə çevrilib.

Səkkiz il ərzində Baku TV informasiya məkanında etibarlı və dinamik xəbər mənbəyi kimi mövqeyini formalaşdırıb. Kanal gündəlik xəbər axını ilə yanaşı, analitik proqramlar, xüsusi reportajlar və sənədli layihələrlə ictimai əhəmiyyətli mövzuların peşəkar şəkildə işıqlandırılmasını təmin edir.

Baku TV fəaliyyətini beynəlxalq idarəetmə standartlarına uyğun şəkildə qurur və “ISO 9001:2015” Keyfiyyət İdarəetmə Sistemi, “ISO 14001:2015” Ətraf Mühitin İdarə Edilməsi Sistemi və “ISO 45001:2018” Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə tələblərə uyğun olaraq idarə olunur.

Kanal beynəlxalq media əməkdaşlıqlarının genişləndirilməsinə xüsusi önəm verir. Müxtəlif ölkələrin aparıcı media qurumları ilə qurulan tərəfdaşlıqlar informasiya mübadiləsinin genişlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradır.

Media sahəsində göstərilən xidmətlərə görə Baku TV-nin bir sıra əməkdaşları dövlət təltiflərinə layiq görülüblər.

Yaradıcı istehsalat istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Baku TV-nin istehsalı olan sənədli layihələr beynəlxalq və yerli kino platformalarında mükafatlara layiq görülüb.

Sosial məsuliyyət və dayanıqlı inkişaf Baku TV-nin fəaliyyət strategiyasında xüsusi yer tutur. Kanal müxtəlif sosial və ekoloji təşəbbüslərlə ictimai layihələrdə fəal iştirak edir.

Rəqəmsal platformalar üzrə göstəricilər, o cümlədən “YouTube” kanalında ümumi baxış sayının 1 milyardı ötərək abunəçi sayının 2 500 000-dən artıq olması Baku TV-nin geniş auditoriya əhatəsi və sabit inkişaf dinamikası ilə xarakterizə olunur.

Baku TV rəqəmsal platformalarla yanaşı, kabel və peyk yayımı vasitəsilə də geniş auditoriya üçün əlçatandır. Kanal müxtəlif kabel şəbəkələri və peyk platformaları üzərindən yayımlanaraq Avropa və Asiya ərazisində fasiləsiz informasiya axınını təmin edir.

Səkkiz illik inkişaf yolu ərzində formalaşmış güclü komanda və beynəlxalq standartlara əsaslanan idarəetmə modeli Baku TV-nin fəaliyyət strategiyasının əsasını təşkil edir.