Biz gəncdik, amma yaşımızdan böyük xəyallarımız vardı!
Biz peşəkar deyildik, amma bığıburma babalarımızın təcrübələrinə heyranlıq duyurduq. Biz dəliqanlıydıq, amma böyüklərin ziyasına pərvanə idik. Biz cavandıq, amma amal uğrunda fədakarlıq şərbəti içənlərin izindəydik. Biz tələbəydik! Dərsə yetişməyə çalışan, ən əsası Müəllimə möhtaclığını bilən tələbə…
Səni bizə qocaman ziyalılar, Müəllimlər əllərində əmanət gətirdilər. Səhifələrini etina və diqqətlə vərəqləyərək sirrini qulağımıza pıçıldadılar. Yer üzərində adil millət olmağın, böyüməyin, bütöv olmağın, ədalətlə hökm etməyin nizamının düsturu səndəydi.
“Dədə Qorqud” dastanındakı hikmətlərin sehrli harayı səndəydi. Oğuzun qut alışının mənası, uluların nəsihəti səndəydi… Əsrlərdən gələn Türk-İslam məfkurəsinin yükü səndəydi…
Bildik, öyrəndik – milli ruhumuzun möhürü səndəydi. Uğrunda həyatların, canların fəda edildiyi, üç rəngi ilə göylərimizi qucan bayrağın boyasının əsrarı səndəydi. Böyük bir mirasın xəritəsi səndəydi…



