Bizi millət edən, bütöv edən kökü dərində olan müqəddəs dəyərlərimiz, onlara olan möhkəm bağlılığımızdır. Bu bağlılıq inancımızın gücü, işığıdır.
Dəyər cəmiyyətin ümumi hiss və duyğularını, düşüncə və maraqlarını ehtiva edən əxlaqi prinsip və inanclardır.
Dəyər zaman və məkan üstü bir qaynaqdan bəhrələnən birlik və bütövlüyümüzün mayasıdır. Cəmiyyəti, milləti güclü edən məhz bu dəyərdir.
Əhməd bəy Ağaoğluna görə: “Cəmiyyət demək, ortaq duyğu və düşüncə daşıyan, ortaq ideal sahibi, şüurlu bir zümrə deməkdir”. Ziya Göyalp isə millət adlanan qrupu eyni təhsil almış, ortaq dil, duyğu, ideal, əxlaq və estetik həssaslığa malik fərdlərdən ibarət kollektiv qrup və ya icma kimi qeyd edir.
Ernest Renan da bu barədə fikrini belə bəyan edir: “Millət – ortaq dəyər, şərəf və ləyaqət, paylaşılan ağrılar, acılar, sevinc və xoş günlər üzərində formalaşır”. O hətta bir millətin formalaşmasında çəkilən sıxıntı və faciələrin sevincdən daha birləşdirici cəhd olduğunu vurğulayır.
Danılmaz bir həqiqətdir ki, insanlar dar gündə, məşəqqətli dönəmlərdə bir-birinə daha çox dəstək olur, yardımlaşır, fədakarlıqlar edir və beləcə, aralarında sevgi, sayğı bağı formalaşır.
Yaxın keçmişimizə nəzər yetirsək, buna aid çoxlu nümunələrlə qarşılaşarıq. Belə ki, millətimiz nə zaman milli ruha yönəlib, ona söykənibsə, o zaman düşdüyü çətinliklər qarşısında mübarizə əzmi daha da güclənib, yağıların məngənəsindən birlikdə sıyrılıb, xilas olubdur…
Dəyər eyni zamanda keçmişlə sıx bir bağ içindədir: kökü ondadır…