MİMTA Fondunda istehsalat təcrübəsi keçəcək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup tələbəsi Fondun qonağı olub.
“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu təcrübəçilərlə görüş keçirib.
Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən bəhs olunub.
MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən bəhs açılıb, eyni zamanda “Füyuzat” və “İşıq” jurnallarının tarixi və bugünkü fəaliyyəti barədə geniş məlumat verilib. Bundan sonrakı hədəf və məqsədlərdən danışılıb.
Tələbələrə jurnal işinin incəlikləri, redaktənin əsasları və məqalə yazmağın sirləri aşılanıb.
Eyni zamanda, “Füyuzat” jurnalının, onun məqsəd və məramının çağdaş dünyamızda daha geniş auditoriyaya çıxmasını təmin edən “FÜYUZAT tv” və “Fuyuzat.az” saytının işindən bəhs olunub. Həm jurnal, həm də televiziyaya maraq göstərən tələbələrə mətbuatın bütün növlərinin xəbər yayımındakı və ictimai şüurun formalaşmasındakı əhəmiyyətindən bəhs edilib.
Sonda tələbələrə 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.
Tələbələr MİMTA Fonduna, “İşıq” və “Füyuzat” jurnallarına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür ediblər.
Qeyd edək ki, aprel 14-də başlayan və may ayında başa çatacaq təcrübə proqramı çərçivəsində gənc jurnalistlər MİMTA Fondunun fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.



