Məlum olduğu kimi, dünən müxalif qrupların bir neçə gündür rejimə qarşı hərəkətə keçməsinin ardından Bəşər Əsəd hakimiyyəti təhvil verərək ölkədən qaçıb. Ancaq onun harada olduğu barədə konkret məlumatlar azdır. Bəzi mənbələr Əsədin Rusiyaya sığındığını bildirsə də, onun helikopter qəzasına düşdüyü də iddia edilib. Ancaq bu iddia hələlik təsdiqlənməyib.
Bəs Bəşər Əsəd haradadır?
Rusiyanın rəsmi xəbər agentlikləri və dövlət televiziyası Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu açıqlayıb.
TASS və RİA Novosti bildirib ki, Əsədə humanitar məqsədlə siyasi sığınacaq verilib.
Agentliklər xəbərlərini Kremldəki mənbələrə əsaslandırarkən, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov da xəbəri təsdiqləyib.
Rusiya dövlət televiziyası həmçinin Kreml nümayəndələrinin Suriyada nəzarəti ələ keçirən silahlı müxalifətlə əlaqə saxladığını bildirib.
Qeyd edək ki, Əsədin harada olması, ümumiyyətlə sağ olub-olmaması barədə hələlik özü və ona yaxın olan mənbələr məlumat yaymayıb.