Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Məlumata görə, yanvarın 25-də “Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında” Özbəkistan Ədliyyə Nazirliyi qərar qəbul edib.
Qərara əsasən, 2025/2026-cı tədris ilindən Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti fəaliyyətə başlayacaq.
Universitetdə tədris prosesi beynəlxalq təcrübə və standartlara əsaslanır. Xüsusilə beynəlxalq səviyyədə tanınan təşkilatların reytinqində ilk 1000-likdə yer alan və öz sahəsində lider olan Türkiyə ali təhsil müəssisələrinin proqramları əsasında təhsil proqramları hazırlanır.
Tələbələrin hazırlığı ödənişli müqavilə əsasında həyata keçirilir. Həmçinin universitetin fəaliyyətinin səmərəli təşkili və əlaqələndirilməsi məqsədilə idarə heyəti yaradılacaq.
Bu universitetin yaradılması türk ölkələri arasında təhsil, mədəniyyət və elm sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş mühüm addımdır.