Xəbərlər

Britaniyalı deputat: İsrailə silah satışı dayandırılmalıdır

Britaniya İşçi Partiyasından olan deputat Riçard Burqon Qəzzada 3-ü Britaniya vətəndaşı 7 World Central Kitchen (WCK) əməkdaşının öldürülməsindən sonra “İsrailə verilən silahların Britaniya vətəndaşlarını öldürmək üçün istifadə edilib-edilməməsi” ilə bağlı araşdırma barəsində Britaniya Xarici İşlər Naziri David Kamerona açıq məktub yazıb.

“Füyuzat”ın məlumatına görə, məktubda qeyd edilib:

“Böyük Britaniyadan aprelin 1-də Qəzzadakı Britaniya vətəndaşları da daxil olmaqla 7 WCK əməkdaşının ölümünə səbəb olan İsrailin hava hücumunda Böyük Britaniya tərəfindən təchiz edilmiş silahların istifadə edilib-edilməməsi ilə bağlı dərhal tam araşdırma başlatmasını tələb edirəm”.

Burqon İsrailə silah satışının dayandırılmasının lazım olduğunu vurğulayıb: “Hadisə İngiltərənin niyə İsrailə silah satışını dərhal dayandırmalı olduğunu bir daha göstərir. Beynəlxalq hüququn humanitar yardıma hücumu qadağan etdiyini xatırlatmağa ehtiyac duymuram”.