“Yeni DƏB” seriyasından daha bir neçə kitab bizi gözləyir
Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav, Marianna Larsen, Piya Tafdrup, Tomas Böberq kimi XX əsrin günümüzədək tanınmış və yazıb-yaradan 12 Danimarka şairinin şeirlərinin toplandığı kiçik antologiya – “Çağdaş Danimarka Poeziyası” “Yeni DƏB” seriyasından “Zərdabi Nəşr”də nəfis şəkildə işıq üzü görüb. 2005-ci ildən bu günə qədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, “Dünya ədəbiyyatı” dərgisinin əlavəsi kimi təsis etdiyi “Yeni DƏB” seriyasında 25-dən artıq kitab – dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.
Antologiyanın tərcüməçiləri türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu və Səlim Babullaoğludur. Babullaoğlu həmçinin tərtibçi, redaktor, ön sözün müəllifi və nəşrin məsləhətçisidir.
