“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər “MİMTA Yayımları”nda nəşr olunmuş “30 məktub” kitabından V.E.B.Dübuanın qızına yazdığı məktubudur. Xoş mütaliələr!
V.E.B.Dübuadan qızına, 1914
İstəkli qızım,
Sənə yazmaq üçün getdiyin yerə yerləşib öyrəşməyini gözlədim. Ümid edirəm ki, yadlıq və tənhalıq hissi bir qədər sovuşub və mənim balaca qızım səylə, müntəzəm olaraq çalışmağa başlayıb.
Bilirəm ki, oradakı hər şey sənin üçün yeni və qeyri-adidir. Amerikanın yenilikləri və “parıltısı” üçün burnunun ucu göynəyir. Amma tədricən köhnə dünyanın (red –Müəllif İngiltərənin timsalında Avropanı nəzərdə tutur və onun müasir Amerika yenilikləri ilə təzad təşkil edən qədim gözəlliyinə, sakitliyinə, dərin tarixi köklərinə işarə edir) gözəlliyini, onun dincliyini, sakitliyini, nizamını hiss edəcək və onu sevməyə başlayacaqsan.
Hər şeydən əvvəl unutma ki, əlinə böyük bir fürsət düşüb. Sən dünyanın ən müasir imperiyalarının birində yerləşən seçkin məktəbdə təhsil alırsan. Dünyanın dörd bir yanından milyonlarla gənc sənin yerində ola bilmək üçün hər şeylərindən keçərdi. Ancaq bunu da unutma ki, sənin bu yerdə olmağın nə zəhmətinin, nə də qabiliyyətlərinin bəhrəsidir – bu, sadəcə, taleyin bir bəxşişidir.
Onda çalış ki, bu fürsətə layiq olasan. Çox çalış, dərslərini yaxşı oxu. Dürüst, səmimi və cəsur ol, həyatın həqiqi dəyərlərini anlamağa çalış.
Orada sənə qəribə görünən bəzi xırda əngəllərlə qarşılaşacaqsan – təəssüf ki, bu, qaçılmazdır. Adamlar sənin gözəl, qarabuğdayı rənginə, buruq saçlarına heyrətlə baxacaqlar. Amma bunun zərrə qədər əhəmiyyəti yoxdur, tez bir zamanda hamısı unudulacaq. Yadında saxla ki, çox adam qeyri-adi nə görsə, gülür, fərqi yoxdur, o şey yaxşıdır, ya pisdir, gözəldir, ya gözəl deyil.
Ancaq sən özünə əsla gülməməlisən. Bilməlisən ki, qarabuğdayı dəri də ağ dəri kimi, hələ, bəlkə, ondan da gözəldir. Həmçinin qıvrım saç düz saç qədər gözəl görünür, hərçənd ona qulluq edib daramaq daha çətindir.
Dünyadakı ən önəmli şey paltarın və dərinin altındakı MƏNLİKDİR. Yəni çətinliklərə sinə gərmək bacarığın, zəfər çalmaq üçün sahib olduğun iradə, bu əzəmətli, heyrətamiz və müəmmalı dünyanı dərk etmək və tanımaq əzmin.
Yeni təcrübələrdən və adətlərdən çəkinmə. Çətinliklərə cəsarətlə sinə gər. Düşdüyün mühitin ab-havası ilə ayaqlaş. Əlində olan şeylərə görə şükür et, olmayanlara görə heyifsilənmə. İradəni tərbiyə etmək üçün dərinməzmunlu, ciddi və dəyərli kitablar oxu; özünə nəzarət et və ruhunun hakimi ol. Ruhunu tamamilə ələ almaq üçün özünü xoşuna gəlməyən işləri görməyə məcbur elə.
Ən əsası isə unutma ki, atan səni çox sevir, sənə inanır və ümid edir ki, sən böyük uğurlara imza atan möhtəşəm bir qadın olacaqsan.
Sənə hər həftə yazacağam, səndən də hər həftə məktub gözləyəcəyəm.
Tərcüməçi: Həmid Həmidzadə
Mənbə: 30 MƏKTUB, Bakı, “MİMTA YAYIMLARI”, 2026, 176 s.



