Xəbərlər

Çin nüvə başlıqlarını aşkar etmək üçün dünyada ilk süni intellekt sistemini təqdim edib

Çin alimləri dizayn detallarını açıqlamadan real nüvə başlıqlarını saxtalarından ayırmağa qadir olan dünyada ilk süni intellekt (AI) sistemini hazırlayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

“Tədqiqatçılar milyonlarla virtual nüvə komponenti yaradıblar. Bəzilərində silah dərəcəli uran olsa da, digərləri qurğuşun və ya aşağı zənginləşdirilmiş materiallarla maskalanıb. Çox qatlı dərin öyrənmə şəbəkəsi real döyüş başlıqlarını ayırd etməkdə son dərəcə yüksək dəqiqliyə nail olmaqla neytron axını nümunələri üzrə təlim keçib”, – məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, sistem Çin Milli Nüvə Korporasiyasının (CNNC) əsas törəmə şirkəti olan Çin Atom Enerjisi İnstitutunun (CIAE) alimlər qrupu tərəfindən hazırlanıb. Qəzetə görə, texnologiya gələcək silahlara nəzarət danışıqlarında istifadə oluna bilər, lakin strateji silahlar sahəsində süni intellektlə bağlı sızma riski ilə bağlı narahatlıqlar var.