Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri Sakit okeanda strateji nüvə sualtı qayığından maket döyüş başlığı daşıyan strateji raketin uğurlu sınaq buraxılışını həyata keçirib.
“Füyuzat” Sinxua agentliyinə istinadən xəbər verir ki, raket yerli vaxtla saat 12:01-də Sakit okeanın açıq dəniz akvatoriyasına buraxılıb və təyin olunmuş əraziyə düşüb. Məlumata görə, bu, Çinin 2024-cü ilin sentyabrında Sakit okeana qitələrarası ballistik raket buraxmasından sonra həyata keçirdiyi ikinci strateji raket sınağıdır.
Qeyd edilib ki, Pekin sınaq barədə əvvəlcədən regionun bir sıra ölkələrini, o cümlədən Avstraliya, Yeni Zelandiya və Yaponiyanı məlumatlandırıb. Çin tərəfi bəyan edib ki, raket buraxılışı illik hərbi hazırlıq planı çərçivəsində keçirilib, beynəlxalq hüquqa və qəbul olunmuş beynəlxalq təcrübəyə uyğun olub, hər hansı konkret ölkəyə və ya hədəfə qarşı yönəlməyib.
Yaponiyanın Kyodo xəbər agentliyinin məlumatına görə, Tokio sınaqla bağlı Pekinə ciddi narahatlığını ifadə edərək belə addımların yenidən nəzərdən keçirilməsinə çağırıb.



