Cavid İsmayıl Füyuzat 132

Cümhuriyyətin son qalası

Sovetlərin etirafı

Sovet dövründə Gəncə üsyanı barədə həqiqətlər uzun illər ört-basdır edilib. Bolşeviklər üsyanı “müsavatçıların antisovet Gəncə qiyamı” kimi təqdim etməklə onun miqyasını kiçiltməyə çalışıblar. Bəs əsl həqiqət necə idi?

Gəlin 1 iyun 1920-ci il tarixli “Gəncədə əks-inqilabi qiyamın yatırılması haqqında ordu qərargahı əməliyyat idarəsinin məlumatı”nı oxuyaq:

“Mayın 25-dən 26-na keçən gecə Gəncədə bəy-xanların və bəzi general dəstələrinin başçılığı ilə bizim hissələrimizə hücum təşkil olunmuşdu. Üsyançılar… tez bir zamanda şəhərin tatarlar (azərbaycanlılar – red.) yaşayan bütün hissəsini tutaraq iki artilleriya anbarını ələ keçirdilər, Gəncə stansiyasını mərmi ilə darmadağın etdilər. Bizə bütün ətraf kəndlərdən bandaların hücumları olurdu ki, onların da şiddətinin hüdudu yox idi. Mayın 29-da hərtərəfli hücumumuz müvəffəqiyyət qazanmadı. Mühasirəyə alınmış bəylər və xanlar öz əlaltıları ilə qəti müqavimət göstərərək bizə böyük tələfat yetirdilər. Qızıl əsgərlərin qəzəbi artır və güclənirdi, amansız hücumun uğursuzluğunda bizim zəifliyimizi görən üsyançılar eyni vaxtda həm şəhərin erməni hissəsinə, həm də stansiyaya sürətli hücuma keçdilər. Onlar hərbi hissəmizi güclü artilleriya atəşinə tutaraq bizə xeyli ziyan vurdular.

Mayın 31-i sübh tezdən hissələrimiz qəti hücuma keçdi. Düşmənin şiddətli əks-hücumlarını dəf edərək onu bütün mövqelərdən vura-vura küçələrdə dəhşətli döyüş gedən şəhərə daxil olduq. Üsyançılar öz mövqelərini möhkəm qoruyurdular və nəhayət, bizim çox şiddətli artilleriya atəşimizdən yarıya qədər dağılmış Gəncənin taleyi artıq həll olunanda üsyançı banda çaxnaşma içində şəhərdən çıxış yolunu axtarmağa üz tutdu”.

Üsyanın yatırılmasındakı xidmətlərinə görə Sovet Azərbaycanının daxili işlər komissarı Həmid Sultanov “III İnternasional” zirehli qatarının komandiri M.Q.Yefremovun təklifi ilə Azərbaycan SSR-in “Qırmızı Döyüş Bayrağı” ordeni ilə təltif olunur. Bir müddət əvvəl Bakını işğal edən XI Qızıl Ordunun komandiri Levandovskiyə üzərində “minnətdar Azərbaycan xalqından hədiyyə” yazılmış qılınc hədiyyə edən Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanov M.Q.Yefremovun özünü də 1 nömrəli “Qırmızı Döyüş Bayrağı” ordeni ilə təltif edir – “Burjua-müsavat hökumətinin ürəyinə ölümcül zərbə vurduğuna görə”.

Üsyan liderinin taleyi

Mayın 31-də üsyan yatırılsa da, gəncəlilər bir neçə gün daha müqavimət göstərirlər. Bu fakt Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin qaynı, general Hüseynqulu xan Xoyskinin oğlu Zahid xan Xoyskinin də xatirələrindən bəlli olur: “Üsyan məğlub olanda – iyunun 3-dən 4-nə keçən gecə xalqı qırğından qorumaq üçün üsyanın rəhbəri, mənim yeznəm, polkovnik Cahangir bəy Kazımbəyli XI Ordunun cənub cəbhəsini yarıb xalqın dağlara çəkilməsinə yardım etdi. Məni, anam Şirinbəyim xanımı, bacıları Sima və Validəni, 6 aylıq oğlu Abbası və qardaşım İsgəndər xanı 2 faytonda 20 silahlı əsgərin müşayiəti ilə dağ yolları ilə Qazaxın Qıraq Kəsəmənli kəndinədək apardı”.

Daha sonra Cahangir bəy başda olmaqla hərbçilərdən bir qrupu Bərdə istiqamətinə, oradan da Qarabağın içərilərinə irəliləyərək Nuru paşanın hərbi birləşmələrinə qoşuldu…

Davamı…