Mühacirətin ilk ayları idi. Mənfur istilanın (1920-ci ilin 27 aprel bolşevik istilası nəzərdə tutulur – red.) müdhiş dalğası ilə Rəştə atılmışdım. Rəşt Gilanın mərkəzidir. Şəhərin ətrafını dolaşmaq məqsədilə arkadaşımla bərabər şəhər kənarına çıxmış, “Azərbaycanlılar məzarlığı”nı ziyarətə getmişdik. Bu, istila hökuməti tərəfindən zorla İrana sövq edilən və burada aclıqdan, xəstəlikdən və xüsusilə qızdırmadan ölən milli azərbaycanlıların bir torpaq yığınından ibarət məzarlarıdır… Yaxındakı “Möhtəşəm bağı”nın ətrafı xalq ilə dolu idi. Biz “Fatihə” oxuduqdan sonra bir qədər sükuta dalmışdıq. Kənardan baxanlara biz yolun kənarındakı gölləri, dağları seyr edir kimi görünə bilərdik. Halbuki öz aləmimizdə, başqa aləmlərdə dolaşırdıq.
Məzarlara baxdım. Yerlə yeksan olmuş, qara torpaqdan ibarət olan bu məzarların üzərində nə başdaşı vardı, nə nişan. Bir neçə il sonra tamamilə tanınmayacaq bir hala gələcəkləri, şübhəsiz, bəlli idi. Bu məzarlar üzərində göz yaşı axıdılmamışdı. Buranı nə yaşlı bir ana, nə də bir yaxın adam ziyarət etmişdi… Yaxındakı bir qəhvəyə vardığımız zaman müdhiş bir yağmura tutulduq. Başdan-ayağa qədər islandıq. Qəhvəyə girdik. Siqara tüstüsündən qaralmış, qoxumuş qəhvəxananın qaranlıq bir köşəsində birisi kirli bir yorğana bürünmüş yatırdı. Bir çay istədik, qəhvəçi verdi. Fəqət məqsədimiz bir an öncə bayıra çıxmaq idi. Birdən qəhvənin qaranlıq bucağından ağlar, titrək, tutqun və qırıq bir səslə söylənən Azərbaycan türkcəsiylə bir şərqi eşitdim: “Qafqazlıyam, ayrılmışam elimdən, Qorxu bu qədərdir, Vətən üçün ölümdən”. Səs susdu. Sonra yenə bir neçə qırıq, kəsik, rabitəsiz parçalar eşidilməyə başladı. Arkadaşım qəhvəçiyə döndü və kiləkcə “Bu kimdir?” mənasına gələn “İnkiyu?” deyə sordu. Qəhvəçi güldü: “Qafqazlı… Mühacir… Mərizdir burada”, – dedi. Maraqlandıq. Artıq mən boğucu qaz yuvasından ibarət olan qəhvəxanadan çıxmaq istəmirdim. “Onu görmək və danışmaq istəyirəm”, – dedim. Qəhvəçi yenə gülərək: “Əylən, əylən, keçər… Qızdırmadır”, – dedi. Doğrudan da, on dəqiqə sonra Qafqazlı mühacir tərpəndi, qalxdı. Qəhvəçi ona yaxınlaşaraq nə isə söylədi. Mühacir yerindən qalxdı və bizə tərəf yönəldi. “Aaa, Rəşid sənsənmi?” – deyə qucaqlaşdıq… O saat tanıdım. Bu, məktəb arkadaşlarımdan biri idi. Yaxşı tanıyırdım. O da məni tanımış, həyəcanından gözləri yaşarmışdı. Əynində İran hərbi paltarı vardı. Oturdu. Əhvalını sordum. “İran ordusundayam, – dedi, – Ah! Başıma çox fəlakətlər gəldi, deməklə bitirmək olmaz. Sən buralara necə gəldin?” – deyə sordu. Bir neçə kəlmə ilə anlatdım. O, yenə sözünə davam etdi. Gəncə üsyanında olmuş, sonra birtəhər xilas olaraq Lənkərana gəlmiş, orada yaxalanmış, Gilana sürgün edilmiş, burada Kiçik xan ordusunda xidmət etmiş, nəhayət, Kiçik xanın məhvindən sonra bir il İran zindanında qalmış… İndi də İran ordusunda “naib” rütbəsində bulunur. Hekayəsini bitirdikdən sonra mənə döndü:
– İndi söylə görüm, vətəndə nə var, kimlər sağdır, kimlər ölmüş?
– Ölən ölmüş, qalan qalmışdır, – dedim.
– General Səlimov sağdırmı?
– Öldürdülər.
– Ah, qatillər! Yaxşı, general İbrahim ağa?
– Onu da.
– General Haşım bəy harada?
– Onu da qətl etdilər.
– General Delxas?
– Onu da.
– Süleyman paşa?
– Onu da… onu da…
Bir az susdu. Dərin-dərin nəfəs alırdı. Sonra yenə müraciət etdi:
– Nəsib bəy harada?
– Bəlli deyil.
– Həsən bəy, Fətəli xan?
– Öldürmüşlər.
O hirsləndi:
– Həp öldürmüşlər. Nə var, öldürmüşlər. O halda kim qaldı?
Üzünə baxdım. Qızdırmadan solmuş yanaqlarında göz yaşı vardı.
– Sağ qalan çoxdur… – dedim.
– Bütün rəisləri məhv etmişlər, bir kimsə ki qalmamış!
– Xeyr, qalmışdır.
– Kim?
– Onları yetişdirən millət! Milləti yaşadan Vətən!
İndi hamımız susurduq. Hamımızı hıçqırıq boğurdu. Artıq bir-birimizə baxa bilmirdik. Hər kəs bir nöqtə bularaq oraya dalmışdı. Sonra Rəşidin kəsik səsi eşidildi: “Bəli, – dedi, – Vətən! Yalnız Vətən qaldı”.
Biz çıxdıq. Rəşid hələ də düşünürdü. Birdən-birə Rəşid bilaixtiyar: “Bəli, yalnız Vətən qaldı! İstila… bulud kimi keçicidir. Madam ki Vətən qalmışdır, istiqlal ümidi də qalmışdır!” – deyə mənə döndü. Gözlərində həzin bir təbəssüm bəliriyordu.