Xəbərlər

“Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi” adlı panel iclası keçirilib

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə 3 May Türkçülük Günü münasibətilə “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi” adlı panel iclası keçirilib.

“Füyuzat”ın məlumatına görə, paneldə müxtəlif QHT rəhbərləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Paneldə açılış nitqi ilə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir söz alıb. O, panel iştirakçılarını və təşkilatçıları salamlayaraq Türk Dünyasının önəmindən, gələcək perspektivlərindən danışıb. Sonda panelin məqsədindən danışaraq iştirakçılara təşəkkürlərini bildirib.

Sözə davam edən Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Türk dünyasının tarixindən, mədəniyyətindən məlumat verərək Azərbaycanın Türk dövlətləri ilə əlaqələrinin önəmindən danışıb. Həmçinin o, Qarabağ zəfərinin xatırladaraq türk tarixindəki əvəzolunmaz rolunu vurğulayıb. Sonda Aygün Əliyeva QHT-nin fəaliyyətindən, gələcək planlarından bəhs edərək bu il Azərbaycan və Qazaxıstan qeyri-hökumət təşkilatlarının forumu keçiriləcəyini bildirib.

Daha sonra sözə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün davam edib. O, 3 May Türkçülük Gününün tarixindən sözə başlayaraq Türk Dünyasının ortaq gələcəyindən: enerji, təhsil, media, TV yayımları və bir çox sahələrdə ortaq planlardan bəhs edərək, bu hədəfə çatmaq üçün hansı yolların olduğuna dair fikirlərini bildirib. Birol Akgün 1926-cı il Bakıda keçirilən ilk Türkoloji qurultayın keçirildiyini xatırladaraq Bakının türk dövlətlərinin tarixindəki vacib rolundan bəhs edib.

Tədbir sonda panel müzakirələri ilə sona çatıb.

Qeyd edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov və “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu da tədbirdə iştirak edib.