Kültür-sənət Mədinə Məcidli Xəbərlər

Dünyanın ən rəngarəng səkkiz binası

“BBC Culture” dünyanin ən rəngarəng və diqqətçəkən səkkiz binasının siyahısını təqdim edib.

Yaradıcı memarlar uzun illərdir ki, öz işlərini daha təsirli etmək üçün rənglərdən istifadə edirlər. Parlaq qədim məbəddən tutmuş canlı rəngli kitabxanalara qədər – burada rəngin əsas rol oynadığı səkkiz bina təqdim olunur. İnsanlar yüz minlərlə ildir ki, sevinc yaratmaq üçün rəngdən istifadə edirlər. Erkən Neandertallar mağara divarlarını yer üzündən əldə etdikləri piqmentlərlə bəzəyirdilər. Bu ilk cəhdləri daha sonra qədim Misir və Yunanıstanın çoxrəngli məbədləri, eləcə də qədim Romanın müxtəlif rəngli mərmərdən tikilmiş tikililəri davam etdirdi.

Rəng orta əsr kilsələrinin vitraj şüşələrində, İtaliya İntibah dövrünün freskalarla bəzədilmiş tavan və divarlarında da mühüm rol oynayıb. Eyni zamanda, XX əsrin sonu və XXI əsrin parlaq və müasir səthlərində də rəng əsas elementlərdən biri olub. Buna misal olaraq Daniel Buren tərəfindən hazırlanmış Pompidou Mərkəzinin Malaga şəhərində yerləşən kub girişini göstərmək olar – bu, rəng və işığın möhtəşəm harmoniyasıdır. Dizayner Adam Nathaniel Furman və yazıçı Kate Mazade “Xromatik Memarlıq – Dizaynda Rəng Sənəti” (Chromatic Architecture – the Craft of Colour in Design) kitabında qeyd edirlər ki, rəng “bir binanı başqa cür əldə edilməsi mümkün olmayan təsir və zövq səviyyəsinə yüksəldən əsas amildir.” Onların yeni kitabından seçilmiş bu səkkiz rəngarəng tikili memarları rəngdən daha cəsarətlə istifadə etməyə çağırır və bizi də rəngin yaratdığı imkanları daha diqqətlə görməyə dəvət edir.

1. Hindu məbəd kompleksi (Sri Ranganatha Swamy) Tamil Nadu, Hindistan
Hindistanın Tamil Nadu ştatı rəngdən istifadə ənənəsinin qədimliyi ilə tanınır. Bu məbədin tikintisinə eramızın I əsrində başlanılıb və müxtəlif sülalələr dövründə davam etdirilərək XX əsrin sonlarına qədər uzanıb. Nəticədə, sahəsi 60.7 hektardan (150 akr) çox olan dünyanın ən böyük dini komplekslərindən biri ortaya çıxıb. Məbəd 21 giriş qapısı ilə qorunur. Bu qapıların üçölçülü elementləri parlaq rənglərlə bəzədilib. Furmanın BBC-yə verdiyi açıqlamaya görə: “Bu məkan mənəvi həyatın həddindən artıq zənginliyi ilə doludur və bu, piqmentlərin gözəl istifadəsi ilə hiss ediləcək dərəcədə açıq şəkildə görünür. Rənglər ziyarətçini və ibadət edəni gündəlik həyatdan uzaqlaşdıraraq düşüncə və heyranlıq aləminə aparır”.

2. Katalan musiqi sarayı (Palau de la Musica Catalana) Barselona, İspaniya

1908-ci ildə inşa edilən bu konsert zalının görünüşü sürətlə sənayeləşən, varlı və mədəni baxımdan fərqli olan Kataloniya bölgəsinin simvoluna çevrilib. Bina Lluis Domenech i Montaner tərəfindən layihələndirilib. Memarlıq üslubunda Art Nouveau, Romanesk və Qotik dirçəliş elementləri, eləcə də Mavr motivləri və Valensiya ənənələri bir araya gətirilib. Furmanın fikrincə, Palaunun hər bir detalı simvolika ilə “titrəyir” və sanki nağıl meşəsindən çıxmış kimi görünür. Onun sözlərinə görə: “Hər bir daş parçası, balyustr, tağ elementi, sütun və sütun başlığı, işıqlandırma detayı və qapı dəstəyi rəng və dekorativ formalarla o qədər zəngindir ki, sanki sehrli şəkildə canlanır.

3. Guardian Binası, Detroit, Miçiqan, ABŞ
Yerli sakinlər Guardian binası adlı bu 1929-cu il ofis binasını “Maliyyə Katedrali” kimi tanıyırlar. Bina Wirt C. Rowland tərəfindən layihələndirilib və dünyanın ən mühüm Art Deco üslublu göydələnlərindən biri hesab olunur. Mazade BBC-yə bildirir ki, “Rowland burada rəngdən istifadə edərək XX əsrin əvvəllərində ABŞ-ın Böyük Göllər bölgəsində sənətkarlığın geniş imkanlarını nümayiş etdirmək istəyib.” Binanın xarici hissəsi təxminən iki milyona yaxın narıncı çalarlı kərpic və terrakota plitələrlə örtülüb. Daxildə isə əsas zal üç mərtəbə hündürlüyündə tağlı tavana malikdir və bu tavan əsas rənglərdən ibarət “yorğanvari” plitələrlə bəzədilib. O əlavə edir: “Bu bina həmin dövrdə Detroitin ticarət uğurunun cəsarətli ifadəsi idi və bu gün də bunu canlı şəkildə xatırladır.”

4. De Bijenkorf univermağı, Eindhoven, Hollandiya

    De Bijenkorf Eindhoven adlı bu univermaq 1969-cu ildə İtalyan memar, dizayner və rəssam Gio Ponti tərəfindən layihələndirilib. Rəvayətlərə görə, Ponti bu dizayn üçün təyyarə pəncərəsindən görünən Niderland kənd təsərrüfatı sahələrinin zəngin, rəngarəng torlu quruluşundan ilham alıb. Böyük və pəncərəsiz bir binanı cəlbedici etmək bir çox memar üçün çətin ola bilərdi, lakin Ponti üçün yox. O, modernizmin inkişafında Le Korbusier və Ludwig Mies van der Rohe kimi böyük adlarla yanaşı mühüm rol oynayıb. Furmanın sözlərinə görə, Ponti bu binanı “zümrüd rəngli parlaq bir möcüzə sahəsinə” çevirib. O əlavə edir ki, memar “dövrün tipik, boz beton fasadını şəhər üçün əsl müasir incəsənət şah əsərinə çevirməyi bacarıb.”

    5. “Reversible Destiny Lofts”, Tokio, Yaponiya
    Reversible Destiny Lofts adlı bu 2005-ci il kirayə yaşayış kompleksi ABŞ-lı əlillik hüquqları müdafiəçisi və yazıçı Helen Kellerin xatirəsinə həsr olunub. Kitaba görə, Shusaku Arakava və Madeline Gins tərəfindən dizayn edilən bu loftlar futuristik bir qarışım kimi təsvir olunur: parlaq rəngli silindirlər, kub formalı elementlər, kürəvi formalar və müasir memarlıq hissələri bir araya gətirilib. Nəticədə, hər səthi rənglə dolu olan, tamamilə fərqli bir yaşayış mühiti yaradılıb. Arakawa və Gins rəng seçimlərini qəsdən insanların tarazlığını pozacaq şəkildə hazırlayıblar. Mazade bunu belə izah edir: “Onlar inanırdılar ki, əgər bir mühit insanları hərəkətsiz və gündəlik, oturaq həyat tərzindən çıxara bilsə, insanlar daha uzun yaşaya bilər.” Onun sözlərinə görə, bu səbəbdən onlar döşəmələri sferik otaqlarla birləşdirərək, sakin üçün demək olar ki, həddindən artıq duyğu yaradan, radikal rəng palitrası ilə bu məkanı dizayn ediblər.

    6. Maişima Tullantıların Yandırılması Zavodu, Osaka, Yaponiya
    Maishima tullantıların yandırılması adlı bu sənaye kompleksi 2001-ci ildə tamamlanıb, lakin onun dizayneri olan avstriyalı vizual sənətkar və memar Friedensreich Hundertwasser layihənin bitməsindən bir il əvvəl, 2000-ci ildə vəfat edib. Hundertwasser Modernizmin sərt, düz və standart formalarına qarşı çıxması ilə tanınırdı. Kitabda qeyd olunur ki, o, memarlığı mexaniki funksiyaları yerinə yetirən bir sistem kimi yox, daim inkişaf edən canlı bir orqanizm kimi görürdü. Onun yanaşması yalnız yaşayış binalarına deyil, sənaye tikililərinə də şamil edilirdi. Maishima zavodu isə sanki qeyri-adi, Dr. Seuss üslubunda bir qala kimi görünür və çox vaxt yaxınlıqdakı əyləncə parkı ilə səhv salınır. Binanın sarı “əl ilə çəkilmiş” zolaqları aşağı hissələrdən axırmış kimi görünür, uzunsov silindrik baca isə qırmızı zolaqlarla bəzədilib. Kompleksdəki bütün tikililər, o cümlədən konsol hissələr, rəng blokları ilə bəzədilmiş qısa, dairəvi “ayaqlar” üzərində dayanır. Mazade bu əsəri “üsyanın özü” kimi təsvir edir: “Aqua rəngli baca, dama–dama divarlar, günəbaxan və qırmızı zolaqlarla bəzədilmiş bir tullantı zavodu – bundan daha üsyankar nə ola bilər?”

      7. Leqanes mərkəzi kitabxanası, Leqanes, İspaniya
      Leqanes mərkəzi kitabxanası 2019-cu ildə inşa edilib və BN Asociados Arquitektos tərəfindən layihələndirilib. Bu ictimai kitabxana və bələdiyyə arxivi öz daxilindəki məzmunu vizual şəkildə əks etdirən bir memarlıq metaforası kimi qurulub. Binanın yumru formaya malik fasadı böyük ölçülü pastel rəngli keramika plitələrlə örtülüb. Bu yumşaq və dalğalı səth binanın dairəvi kənarlarına yapışaraq, içəridə saxlanılan kitabların sayını və müxtəlifliyini simvolik şəkildə şəhər sakinlərinə hiss etdirir. Bu yanaşma həm də Madridin yeni yaşayış bölgələrindən birində mədəni bir simvol yaradıb; çünki həmin ərazi əvvəllər mədəni memarlıq nişanələrindən məhrum idi. Mazade BBC-yə deyir: “Günəş işığı bu dalğavari keramika səthlər üzərində hərəkət etdikcə, yumşaq pastel rənglər və mat tekstura, kağız effekti yaradır.

      8. Kroydon Kolonnade, London, Böyük Britaniya
      Kroydon Kolonnade Londonun memarlıq baxımından daha az inkişaf etmiş Kroydon bölgəsində yerləşən, piyadalar üçün nəzərdə tutulmuş 50 metrlik bir məkandır. Bu layihə 2003-cü ildə memar və dizayner Adam Nathaniel Furman tərəfindən yaradılıb. Struktur 16 nəhəng sütundan və iki böyük divardan ibarətdir. Səthlər minlərlə üçölçülü, əl işi çini plitələrlə örtülüb və hər bir plitə qalın, şəffaf, zəngin şirə ilə işlənib. Rəng keçidi isə aşağı hissədə tünd dənizaltı mavi çalardan başlayaraq yuxarıya doğru krem-ağ tonlara qədər yumşaq şəkildə dəyişir. Bu layihənin əsas ideyası East Kroydon qatar stansiyası ətrafına müxtəlif dövrlərdən və mədəniyyətlərdən gələn rəngli estetik zirvələri gətirməkdir. Furmanın sözlərinə görə: “Rəng, yoldan keçən insanı zəngin və hissiyyat dolu bir mühitə daxil edir. O, qədim Misirdən, Portuqaliyadan, Türkiyədən, Səfəvi İranından, Babilə və dünyanın bir çox digər yerlərinə qədər uzanan mavi-ağ monumental keramika memarlığının minillik ənənəsini xatırladır.”

      Müəllif: https://www.bbc.com/culture/article/20260817-eight-of-the-worlds-most-colourful-buildings
      Tərcümə edən və hazırlayan: Mədinə Məcidli