Dünyanın min bir sirri, insanın isə tükənməz xatirə xəzinəsi var. Zamandan və məkandan asılı olmayaraq hər kəsin qəlbində boy atan bir ağac var. Kökləri keçmişə, budaqları sabaha uzanan həyat ağacı.. İnsan ömrünün hər bir fəsli bu ağacın budaqlarında öz əksini tapır. Onun yarpaqları insan ömründən keçən acılı-şirinli xatirələri özündə daşıyır.
90-ların uşaqları üçün isə bu ağacın adı fərqlidir: Aygün Səmədzadənin bəstəsinə qanad verən Aygün Bəylərin ifası ilə xatirələrimizdə kök salan “Tut ağacı”. Həmin ağac sehrli idi. Çünki o, sadəcə həyətdə deyil, qəlblərdə ucalmışdı. Hər yarpağında uşaqlıq təbəssümü gizlənir, hər tumurcuğunda saf arzularımız pöhrələyirdi. Bakının sərt küləkləri əsdikcə o təbəssümü bizə bəxş edən doğma kəlmələrsə indi də səslənir qulağımızda:
“Gəl yemək ye, sonra düşərsən həyətə…”
Bəzilərimiz üçün isə o, ilk oyun dostumuz idi. Budaqlarının qucaqladığı yelləncəklə bizi göylərə qaldıran, yıxılanda qollarını açan, sirrimizi heç kimə verməyən ən etibarlı dostumuz. Biz onun kölgəsində böyüdük, onun meyvəsinin şirəsini əllərimizdə, üst-başımızda ləkə kimi yox, uşaqlığımızın nişanəsi kimi gəzdirdik.
Bəli, Aygün Bəylərin “Tut ağacı” bizə uşaqlığımızda ən kiçik sevinclərin yaşıl bir yarpaqda gizləndiyini öyrətdi. Həyatın mürəkkəb tənliklərindən uzaq olduğumuz o illərdə xoşbəxtliyin nə qədər sadə olduğunu hiss etdirdi.
İllər keçdi, böyüdük. Zaman öz hökmünü verdi, məsafələr uzandı, insan dəyişdi. Doğmalığın yadlığa çevrildiyi məsafəni də onun dilindən eşidib tanıdıq:
Bəs bilmirdin özün mənə yad olduqca,
Mənimçün də yavaş-yavaş yadlaşırsan…
O, bizə təkcə uşaqlığı gətirməmişdi; böyüdükcə qarşılaşacağımız ayrılıqları, unudulmağın gətirdiyi o sakit ağrını da səsində daşıyırdı. Darıxmağın adını bizə ən sadə, eyni zamanda ən zərif dillə öyrətdiyi kimi:
Darıxdım səninlə keçdiyim o yollar,
Yollarda bəmbəyaz o qarlar üçün…
Bir gün isə gedişi ilə ən gözəl xatirələrimizin Tut ağacının o yaşıl budaqlarında qalan izlərdə olduğunu xatırlatdı. O səs susanda elə bildik ki, uşaqlığımızın son yarpağı da budaqdan qopub düşdü. Və bir səhər qəfil əsən yel o ağacı da, bizi də böyüdən zərif budağı qopardı bu dünyadan. Əlçatmayan ulduza çevirdi onu…
Ancaq nə tut ağacı, nə də onun dostu qırılsa da qurumadı.
İndi yenə yaşıl yarpaqları ilə dostunun baxdığı pəncərəyə boylanır Tut ağacı. Hər səhər və axşam. Əlçatmaz ulduzlarına baxıb birgə gülümsəmək üçün.
İndi yoxsan o göylərdə,
Əl çatmayan ulduz kimi…
Müəllif: Günel Natiqqızı



