Ədəbiyyat Əsəd Aslanoğlu Xəbərlər

Əsəd Aslanoğlu – Bir dostun olsun

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin əsəri” nominasiyası üzrə seçilən əsər Əsəd Aslanoğlunun Füyuzat jurnalının 149-cu sayında yer alan “Bir dostun olsun” şeiridir. Xoş mütaliələr!

Bir dostun olmalı həyatda,
Həyatdan daha dəyərli.
Dərdini, sevincini bölüşməkdən,
Birgə ağlayıb birgə gülüşməkdən,
Sayıb-sadalaya bildiyin hər təkdən,
Hər kəsdən daha fərqli, daha fərli.

Bir dostun olmalı bu yolda,
Yoldan daha doğru, daha düz.
Nə səndən irəli keçən,
Nə yubanıb geri qalan.
Büdrəyəndə dayağın,
Axsayanda ayağın olan,
Çiyin yoldaşından daha yaxın,
Qohum-qardaşından daha yavuq.

Bir dostun olmalı xəlvətdə,
Xəlvətdən daha gizli, daha sirli.
Sən olmadığın yerdə səndən Allaha,
Sən olduğun yerdə Allahdan sənə danışan.
Söhbət ona gələndə fədakarlıq gərəksə,
Fikrin yerində dona, ağlın yerindən çaşa.
Sirrindən daha məhrəm,
Könlündən daha mübhəm…