Xəbərlər

Əziz Sancar Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, akademik Əziz Sancar və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli türk dünyasının unudulmaz turançısı, dramaturq şairi Hüseyn Cavid ocağını ziyarət edib.

“Füyuzat”ın məlumatına görə, qonaqları Hüseyn Cavid dünyası ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tanış edib.

O, Azərbaycan və türk ədəbiyyatında mühüm rolu olmuş Hüseyn Cavid və onun ailəsinə məxsus şəxsi əşyalar, Cavidin kiçik otaqlarının vaxtı ilə böyük qonaqları olmuş Ümummilli lider Heydər Əliyev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Müslüm Maqomayev və s. kimi dahi şəxsiyyətlərdən bəhs edən eksponatlar haqqında məlumat verib.

Qonağa “Cavid hikməti: seçmə aforizmlər” kitabı hədiyyə edilib və xatirə şəkli çəkilib. Akademik Əziz Sancar muzeyin xatirə dəftərinə ürək sözlərini yazaraq, ənənəvi – “Tanrı Türkü korusun” devizli imzasını qeyd edib.