Xəbərlər

Əzizə Cəfərzadənin SSRİ tərəfindən senzuraya məruz qalmış kitabı oxuculara təqdim edilib

ANAİB Bakı I Kitab Festivalı çərçivəsində Bakı İdman Sarayında MİMTA Yayımları tərəfindən çap edilmiş xalq yazıçısı Əzizə Cəfərzadənin ən sevilən tarixi romanlarından olan “Aləmdə səsim var mənim” əsərinin təqdimatı olub.

“Füyuzat”ın məlumatına görə, təqdimatda romanın müəllifi Əzizə Cəfərzadə irsinin varisi Turan İbrahimov, yazıçılar, oxucular və ictimaiyyət nümayəndələri iştirak edib.

MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlunun moderatorluğu ilə keçirilən təqdimatda Turan İbrahimov kitabın yenidən nəşrinin əhəmiyyətindən danışıb, romanı tərtib edərkən qarşılaşdığı çətinlikləri bölüşüb və sovet dövründə senzuraya düşmüş və yeni nəşrdə yenidən təqdim edilmiş hissələrdən bəhs edib.

Eyni zamanda, rəssam Fuad Manafov, yazıçı-jurnalist Yunis Orucov, səyyah-yazıçı İradə Qədirova da Əzizə Cəfərzadənin ədəbi irsinin özünəməxsus tərəflərinə toxunub, onun romanları və bu əsərlərdə toxunduğu mövzular barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından bəhs edən roman sovet dövründə – 1978-ci ildə çap olunarkən ciddi senzuraya məruz qalıb, önəmli hissələri ixtisar edilib. Sonrakı illərdə nəşr olunarkən də ilk nəşrin mətni əsas alınıb. Yazıçı şəxsən əsərin senzuraya düşmüş hissələrini əlyazma şəklində qeyd etmiş, izah vermişdir. Bu qeydlər Xalq yazıçısının varisi Turan İbrahimov tərəfindən romana daxil edilmişdir.

Beləliklə, “Aləmdə səsim var mənim” əsəri ilk dəfə orijinal halda, tam mətnlə nəşr olunub.