Xalq yazıçısı Əzizə Cəfərzadənin ən sevilən tarixi romanlarından olan “Aləmdə səsim var mənim” əsəri MİMTA Yayımlarında işıq üzü görüb.
“Füyuzat”ın məlumatına görə, böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyat və yaradıcılığından bəhs edən roman sovet dövründə – 1978-ci ildə çap olunarkən ciddi senzuraya məruz qalıb, önəmli hissələri ixtisar edilib. Sonrakı illərdə nəşr olunarkən də ilk nəşrin mətni əsas alınıb. Yazıçı şəxsən əsərin senzuraya düşmüş hissələrini əlyazma şəklində qeyd etmiş, izah vermişdir. Bu qeydlər Xalq yazıçısının varisi Turan İbrahimov tərəfindən romana daxil edilmişdir.
Beləliklə, “Aləmdə səsim var mənim” əsəri ilk dəfə orijinal halda, tam mətnlə nəşr olunub.
Romanın təqdimatı 22 dekabr, saat 11:00-da ANAİB Bakı I Kitab Festivalı çərçivəsində Bakı İdman Sarayında keçiriləcəkdir. İştirak sərbəstdir.