Ədəbiyyat Xəbərlər

Fitrətdir, çiçəkdən çiçək doğulur…

Nənəm deyərdi ki, duaya xatir,
Allah göy üzündə Yeri saxlayır.
Halallıq almağa əldə qabarı,
Bir də ki, alında təri saxlayır.

Bilsəydik, hər sirri açıb gedərdik,
Bir an da durmazdıq, qaçıb gedərdik,
Biz ki bu bədəndən uçub gedərdik,
Bizi bu bədənlə dəri saxlayır.

Fitrətdir, çiçəkdən çiçək doğulur,
İlahi nə varsa, göyçək doğulur,
Hər kəs bu dünyada mələk doğulur,
Hər kəs öz içində pəri saxlayır.

Hamı öz qapısın bağlayıb gedir,
Gedəndə özünə ağlayıb gedir,
Evlər xiffət çəkir, ağnayıb gedir,
Adamlar evləri diri saxlayır.

Rahil Tahirli