Xəbərlər

Fransada etiraz edən 66 fermer saxlanılıb

Fransanın paytaxtı Parisdə Zəfər tağı ətrafındakı kəsişməni nəqliyyatın hərəkətinə bağlayaraq etiraz edən 66 fermer saxlanılıb.

“Füyuzat”ın məlumatına görə, fermerlər səhər saatlarında traktorları ilə Zəfər tağı abidəsi ətrafındakı kəsişməni bağlayıblar. Fəallar yola ot tayaları yığarkən hadisə yerinə polis və bələdiyyənin təmizlik qrupları gəlib.

BFMTV kanalının polisdəki mənbələrinə istinadən verdiyi xəbərə görə, polis aksiyada iştirak edən 66 fermeri saxlayıb.

Fermerlər yerli vaxtla saat 9:30-da polisin müşayiətiylə etiraz zonasını tərk etməyə başlayıblar.

Qeyd edək ki, Fransada hökumətin və Avropa İttifaqının kənd təsərrüfatı siyasətlərinə reaksiya verən və maaşlarından kifayətlənməyən fermerlər traktorları ilə vaxtaşırı Paris və ətraflarında müxtəlif etiraz aksiyaları təşkil edirlər.