Xəbərlər

“Füyuzat”ın oxucularla görüşü baş tutub

Bu gün I Lənkəran Kitab Sərgisi çərçivəsində “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunusun təqdimatında  “Füyuzatdan kitablar” adlı oxucularla görüş baş tutub.

Tədbirə giriş sözü ilə başlayan MİMTA yayımlarının direktoru Əsəd Aslanoğlu bildirib ki, tarixdən gələn səsi gələcək nəsillərə çatdırmağı qarşına məqsəd qoyan “Füyuzat” məqalələrində bu məqamlara geniş yer verir.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus oxuculara “Füyuzat”ın dili ilə jurnalın məqsəd və məramını anladaraq dərgidən bədii qiraət nümunələri təqdim edib.

Görüşdə “Füyuzat” jurnalında çap olunan məqalələrdən ərsəyə gələn kitablar haqqında oxuculara geniş şəkildə məlumat verilib.

“Füyuzat”ın yazarlarından Muxtar Cəfərli tədbirdə çıxış edərək müəllifi olduğu “Azərbaycan elm və irfan sərdarları” kitabı haqqında danışıb, kitabın ərsəyə gəlməsində böyük dəstəyi olan “Füyuzat” dərgisinin kollektivinə minnətdarlıq bildirib.

Qeyd edək ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə keçirilən I Lənkəran Kitab Sərgisi 12 marta qədər davam edəcək.