Bir vaxtlar ən çox ehtiyac duyulan ixtisaslar bu gün heç kimin maraq dairəsində deyil. Artıq bir çox peşələrə, bəlkə də, ehtiyac belə yoxdur. Eyni zamanda elə ixtisaslar var ki, bir müddət əvvəl o ixtisaslara tələbat yox idi və ya bu sahə yeni yaranıb, amma bu gün həmin ixtisaslara ehtiyac yaranıb.
İxtisas seçmək fərdlərin həm də öz gələcəklərini seçməsi anlamına gəlir. Ona görə də bu gün abituriyent olan yeniyətmələri düşündürən əsas suallardan biri də elə ixtisas seçimidir. Bəs abituriyentlər ixtisas seçimi zamanı nəyə diqqət etməlidir? Müasir dövrün ixtisaslarını necə seçmək olar? Hansı ixtisaslar gələcəkdə daha çox dəyər görəcək?
“Füyuzat” mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Ruslan Bayramlıdan fikirlərini öyrənib. O bildirib ki, gələcəyin peşələrini indidən təxmin etmək o qədər də asan deyil:

“Gələcəyin peşələrini demək hal-hazırda həm çətin, həm də asandır. Ona görə çətindir ki, peşələrə olan tələbat çox tez-tez dəyişir. Məsələn, sabahın peşəsi ilə növbəti 4 ilin peşəsi tamam fərqlidir. Asandır, ona görə ki, gedişatı izləmək və nəticə çıxarmaq olur.
Hansı ixtisası seçmək məsələsinə gəldikdə isə, bununla bağlı fikir söyləmək üçün önəmli olan məsələlərdən biri perspektivi daha çox olan ixtisasları görməkdir. Məsələn, bu gün informasiya texnologiyaları kifayət qədər inkişaf edib və bu sahədə tələbat kifayət qədər yüksəkdir. Amma bu o demək deyil ki, gələcəkdə təkcə bu sahədəki ixtisaslar inkişaf etmiş olacaq. Nəzərə almaq lazımdır ki, bütün sahələrdə insan amili var. Əgər insan amili varsa, sosial ixtisasların, humanitar ixtisasların əhəmiyyəti gələcəkdə də itməyəcək. Sadəcə müəyyən qədər format dəyişə bilər.
Belə bir statistika ilə qarşılaşmışdım ki, 2015–2016-cı illərdə doğulan uşaqların 65%-nin görəcəyi iş, sahib olacağı peşə hələ bəlli deyil. Hal-hazırda yaşanan proseslər, sürətli dəyişikliklər onu göstərir ki, gələcək nəslin hansı işlə məşğul olacağını demək çox çətindir”.
Ruslan Bayramlı bildirib ki, hansı ixtisası seçəcəyimizdən daha vacibi həmin ixtisasla bağlı olan bilik və bacarıqlarımızdır:
“Peşə, ixtisas seçimindən daha vacibi insanların bacarıqlarıdır. Bu aktiv müzakirə olunan mövzulardan biridir. İş yerləri də bu mövzuda daha həssas davranırlar. Daha çox bacarıqlara üstünlük verirlər. Bu bacarıqlara tənqidi düşüncə, problemi həll edə bilmə bacarığı, mühitə uyğunlaşmaq kimi keyfiyyətləri aid edə bilərik. Həmin bacarıqlara sahib olanlar öz ixtisaslarında daha uğurlu olurlar.
Məşhur bir kəlam var: “Övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə yetişdirin”.
Həqiqətən, proseslər o qədər sürətlə inkişaf edir ki, artıq növbəti 10 illiklərlə bağlı fikir demək çətinləşir. Əvvəl tələb, sonra ixtisasın adı, sonra özü formalaşır. Nəticədə yeni bir ixtisas ortaya çıxır və universitetlərdə tədris olunur. Bu bir az kompleks məsələdir. Ona görə prosesləri daha geniş formatda izləməyə ehtiyac var. Ölkəmizdə də bu proses fərqli şəkildə cərəyan edir. Biz dünyada baş verən hadisələrdən, inkişafdan təsirlənirik”.
Ekspert blok imtahanlarına da münasibət bildirib:
“Hazırda blok imtahanına qeydiyyat prosesi davam edir və görünən odur ki, daha çox texniki, informatika, kimya yönümlü ixtisaslara qeydiyyat var. Həmçinin humanitar, iqtisadiyyat və tibb yönümlü ixtisaslara tələbat olub. Bu da ondan xəbər verir ki, gələcəyin ixtisasları arasında bu ənənəvi ixtisasları da görə biləcəyik. Ən əsası isə nəyi necə bacarmağımız önəmli olacaq. Hal-hazırdakı statistika onu göstərir”.
Süni intellektin gələcəyin peşələrinə necə təsir etməsinə toxunan Ruslan Bayramlı əlavə edib ki, son dövrlərin ən aktiv mövzularından biri də süni intellekt və onun peşələrə təsiridir:
“Fikirlər səsləndirilir ki, süni intellekt insanların işlərini əlindən alır. Lakin araşdırmalar göstərir ki, süni intellekt 85 milyon insanın işini əlindən alacaqsa, 97 milyon insana yeni iş imkanları verəcək. Əvvəllər universitetlər öz ixtisası üzrə mütəxəssisi 4 il ərzində hazırlayırdısa, indi bu 4 ildən də tez baş verir. Elm o qədər sürətlə inkişaf edir ki, 4 ildən sonra o ixtisasın taleyi necə olacaq, bununla bağlı fikir söyləmək çox çətin məsələyə çevrilib.
Bir neçə il əvvəl Harvard universitetinin araşdırmaçısı bir məsələyə toxunmuşdu. O, qrafik üzərindən bir məlumat paylaşmışdı ki, hansı peşələr inkişaf edəcək, hansı peşələr isə sıradan çıxacaq. İnkişaf edəcək sahələrdən arasında əsas peşələrdən biri dizaynerlik idi, sonra maliyyə mütəxəssisi, həkimlik gəlirdi. Bu tip ixtisasların növbəti illərdə də inkişaf edəcəyi ilə bağlı məlumat var. Həmçinin kompüter mütəxəssisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi üzrə mütəxəssis kimi ixtisaslar həmin araşdırmaya baxdıqda görmək olur ki, inkişaf edir. Bu ixtisaslara tələb artır”.
Ekspert ixtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu digər məsələlərdən də danışıb:
“Mən, açığı, hər il müəyyən sayda abituriyentlərlə görüşürəm. Seçimləri birlikdə edirik. Eyni vaxt dilimində ixtisas seçimini etdiyimiz abituriyentlərlə, ixtisası üzrə çalışan keçmiş abituriyentlərlə, bitirdiyi ixtisas üzrə çalışmayan şəxslərlə qarşılaşıram. Qarşılaşdığım reallıqlardan biri odur ki, istəkdən kənar, daha çox valideyn təsiri ilə və ya yığdıqları balın təsiri ilə ixtisas seçən abuturiyentlər özlərini xoşbəxt hiss etmirlər. Həmin ixtisaslar üzrə universitet oxumuş şəxslər o sahədə işləmirlər. Fərqli işlərdə çalışırlar. Çünki onlar bitirdikləri ixtisasları sevmirlər. Bu da çox yanlışdır. Abituriyent öz ixtisasını, öz gələcəyini özü seçməlidir. Təbii ki, kənar fikirləri də dinləmək, həmçinin yaxşı araşdırma etmək lazımdır”.